Məhkəmə qərarları › İş №3(036)-1016/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1016/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1016/2025 01.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsinə əsasən 60 (altmış) manat cərimə edilməyi barədə DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı saylı İnzibati Tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 346.9-cü maddəsinə əsasən 60 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Bildirir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və durması qaydalarını pozmuşdur. Qeyd edir ki, o 7 ildir mütəmadi olaraq maşını həmin ünvanda saxlayır və indiyə qədər ona saxlamağın qadağan olunması barədə heç bir məlumat verilməmişdir. Həmin bu ünvan işlədiyi idarənin qarşısıdır. Ərazidə dayanma və durmanı qadağa edən heç bir yol nişanı və nişanlanma yoxdur. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir, lakin bütün bunlara baxmayaraq o, əsassız olaraq 60 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 ahib oğlu 13 iyun 2025-ci il tarixdə idarə etdiyi “Vaz 2106” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Əliyev küçəsi, H.Əliyev parkı ərazisində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və durması qaydasını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə protokol tərtib olunmaqla 60 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati xəta haqqında qərarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Vaz 2106” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Əliyev küçəsi, H.Əliyev parkı ərazisində səkidə dayanmışdır. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati xəta haqqında qərarı qəbul edilməsi üçüm əsas olan ərazinin fotoşəkilindən görünür ki, avtomobillərin həmin ərazidə dayanmasının təmin etmək məqsədilə səki meyilli formada düzəlmişdir və avtomobillərin həmin əraziyə daxil olması üçün qırıq-qırıq sarı xətt çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 346.9-cu maddəsində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 16) səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; Həmin Qanunun 52-ci maddəsinə əsasən: İV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İV-İ. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Vİ. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında Yuxarıda göründüyü kimi, məhkəmə araşdırması zamanı şikayətçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmadığı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə həmin maddəsinin məzmunundan da görünür ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilməsi nəzrədə tutulmuşdur. Qərar qəbu edilərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə alınmamışdır. Belə ki, Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati xəta haqqında qərarı qəbul edilməsi üçüm əsas olan ərazinin fotoşəkilindən görünür ki, avtomobillərin həmin ərazidə dayanmasının təmin etmək məqsədilə səki meyilli formada düzəlmişdir və avtomobillərin həmin əraziyə daxil olması üçün qırıq-qırıq sarı xətt (1.10 nişanlama xətti) çəkilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən isə 1.10 nişanlama xətti təsir zonasında yalnız 3.28 yol nişanı ilə birlikdə tətbiq edildikdə nəqliyyat vasitələrinin durması qadağan edilmişdir. Həmin ərazidə isə 3.28 yol nişanı quraşdırılması müəyyən edilməmişdir. Bundan başqa, yol kənarının meyilli formada düzəldilməsi həmin ərazinin avtomobillərin dayanması və durmasını müyyən edilməsini sübut edir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 10 iyun 2025-ci il tarixli, EQ 28478101 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar