Məhkəmə qərarları › İş №3(036)-1058/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1058/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1058/2025 04.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli RPŞ tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsi (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024cü il tarixli İXP6518519 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş İmişli Rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan idarənin nümayəndəsi X2 izahatında bildirdi ki, X3 Sistemlərinin İstismarı İdarəsinin hüquqi ünvanı İmişli rayonu, Qaradonlu kəndidir. İdarənin VÖENi **********-dir. İdarə rəhbərliyi tərəfindən Polis şöbəsindən daxil olmuş müvafiq sorğulara vaxtında cavab verilir. Protokolda qeyd olunmuş HYUNDAİ İX 35 minik markalı, 30AA145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəyə məxsusdur. Lakin Polis şöbəsinin sorğu məktubu idarənin yerləşdiyi İmişli rayonu, Qaradonlu kəndinə göndərilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X3 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP6518519 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, VÖEN ********** olan İmişli Mərkəzi-Muğan QOSTSİİ-si ünvanına sorğu göndərilmiş, tələb olunan məlumatlarla bağlı sorğuya cavab verilməmişdir. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestri barədə çıxarışdan görünür ki, VÖEN-i ********** olan X3 Sistemlərinin İstismarı İdarəsinin hüquqi ünvanı İmişli Rayonu, Qaradonlu kəndidir. İş materiallarında olan “İmişli Mərkəzi-Muğan QOSTSİİ”-yə göndərilmiş sorğudan görünür ki, həmin sorğu İmişli İmişli Rayonu, Aranlı kəndinə göndərilmişdir. Məhkəmə poçt zərfinin “İmişli Mərkəzi-Muğan QOSTSİİ”-yə çatdırılmasını təsdiq edən xəbrənaməli poçt qəbzinin iş materiallarında mövcudluğunu sorğunun çatdırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, sorğunun məhz “X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi tərəfindən onun hüquqi ünvanında alınmaması məsuliyyətin yaranmasını istisna edir. İdarənin nümayəndəsi tərəfindən təqdim edilmiş etibarnamədə də X3 Sistemlərinin İstismarı İdarəsinin VÖEN-i ********** kimi qeyd edilmiş, İdarənin hüquqi ünvanının İmişli Rayonu, Qaradonlu kəndi olması müəyyən edilmişdir, həmçinin idarənin nümayəndəsi 30AA145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəyə məxsus olduğunu bildirmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, protokol VÖEN-i ********** olan X3 Sistemlərinin İstismarı İdarəsi barəsində tərtib olunsa da, protokolda idarənin VÖEN-i düzgün göstərilsə də, adı düzgün göstərilməmiş, nə sorğu, nə də müvafiq protokol həmin ünvana və idarəyə deyil, İmişli rayonu, Aranlı kəndi ünvanında İmişli Mərkəzi-Muğan QOSTSİİ-siyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, sorğunun göndərildiyi hüquqi şəxsin və ünvanın X3 Sistemlərinin İstismarı İdarəsinə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmadığı üçün, həmin İdarənin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmiş hesab edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Sistemlərinin İstismarı İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar