Məhkəmə qərarları › İş №3(036)-1091/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1091/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1091/2025 10.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 327.4-cü maddəsinə əsasən 150 (yüz əlli) manat cərimə edilməyi barədə DİN BDYPİnın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı saylı İnzibati Tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən 150 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Bildirir ki, o guya yolayrıcının keçmə qaydalarını pozmuşdur. Çəkilmiş fotoşəkildən görünür ki, o yolayrıcını keçmə qaydalarını pozmamışdır. Yolda təmir işləri getdiyi üçün, məcburi soldan hərəkət nişanı yerləşdirilmiş və həmin nişanın tələblərinə riayət edərək qarşı hərəkət zolağı ilə hərəkət etmişdir.. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir, lakin bütün bunlara baxmayaraq o, əsassız olaraq 150 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 13 iyun 2025-ci il tarixdə idarə etdiyi “Mersedes Benz E240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə qaydasını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə protokol tərtib olunmaqla 150 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. DİN BDYPİ-nə məxsus kamera vasitəsilə xx.xx.2025-ci il tarixdə “Mersedes Benz E240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkildən görünür ki, İmişli şəhəri H.Əliyev prospektində yolun hərəkət hissəsində müvəqqəti maneələr qoyularaq, avtomobillərin hərəkəti müvəqqəti yol hərəkəti nişanı ilə yolun sol hərəkət hissəsinə yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən: İ. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər: 1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə; ......... V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan və digər texniki vasitələrdən istifadə olunmalıdır. Vİİ. Bu maddənin müddəalarını, habelə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin Qanunun 61-ci maddəsinə əsasən: Vİ-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Həmin Qanunun 69-cu maddəsinə əsasən: İİ-İ. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Yuxarıda göründüyü kimi, məhkəmə araşdırması zamanı şikayətçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmadığı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, şikayətçinin yolda aparılan təmir işləri ilə əlaqədar olaraq quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun hərəkət etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinə əsasən müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati xəta haqqında qərarı qanun qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. DİN BDYPİ-nın Mərkəzi Məlumat Xidmətinin 13 iyun 2025-ci il tarixli, EQ 28554282 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar