Məhkəmə qərarları › İş №3(036)-1097/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1097/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1097/2025 11.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədirliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 3 X2 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 3 X2 və Təbii Sərvətlər İdarəsindən İmişli Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 22 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Çahar ərazisində yer təkindən qanunsuz istifadə etməklə 430 m3 həcmində çınqıl-qum çıxarılaraq «Yerin təki» haqqında Qanunun tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 22 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə 3 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli 90968 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə aparılan müşahidə zamanı obyektdə qum-çınqıl hasilatı müəyyən olunmuşdur. Təbiətə dəymiş ziyanın hesabat cədvəlindən görünür ki, 3225 (üç min iki yüz iyirmi beş) manat məbləğində təbiətə ziyan dəymişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, VÖENi ********** olan Şəxs MMC 8 saylı Vergilər İdarəsində qeydiyyata alınmışdır. Təqdim olunmuş fotoşəkillərdə qum-çınqıl hasılatı ərazisi əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, iş materialına əlavə edilmiş fotoşəkillərdən inzibati xəta hadisəsinin törədildiyi ərazidə həmin qanunsuz hasilatın məhz Şəxs MMC tərəfindən aparılmasını təsdiq etmək mümkün deyildir, bundan başqa, aktda qeyd edildiyi kimi, səlahiyyətli orqanın hüquqi şəxsin təsisçisi olan X1 ilə əlaqə saxlaması xətanın həmin hüquqi şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsinə əsas vermir və inzibati xəta haqqında protokolu tərtib emiş orqan tərəfindən bu halı təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Tərtib edilmiş protokolda sübut kimi yalnız akta və fotoşəkillərə istinad olunmuşdur. İş materiallarından İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın məhz Şəxs MMC tərəfindən törədilməsi öz təsdiqini tapmadığından onun törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilmir. İstinad olunan maddə üzrə inzibati xəta tərkibinin yaranmasından ötrü yerin təkindən icazə olmadan və ya icazə şərtlərini pozmaqla istifadə edilməlidir. Bu hallardan hər hansı birinin mövcudluğunu da iddia edən orqan sübut etməlidir. İnzibati xəta tərkibinin mövcudluğuna dair sübutlar əsaslı şübhə yaratmayan sübut olmaqla, təqdim edilən sübutlar bir-biri arasında ziddiyyət yaratmamaqla biri digərini tamamlamalıdır. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, təqdim edilmiş sübutlar əməldə inzibati xəta tərkibinin olması qənaətinə gəlinməsini mümkünsüz edir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar