Məhkəmə qərarları › İş №3(036)-1108/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1108/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1108/2025 06.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Əsədli Xurman Emin qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı “FC GROUP» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 protokola etiraz edərək izahatında bildirmişdir ki, ödəniş olmuş, daha sonra mallar ölkəyə idxal olunmuşdur. Belə ki, **********6884 saylı gömrük bəyannaməsi ilə şirkət tərəfindən Şəxs MMC-nin ünvanına invoys dəyəri 65930 ABŞ dolları olan mallar göndərilmişdir. Çatdırılma şərtləri ilə malın 120 kodu altında daxil olduğu göstərilmişdir. Lakin bəyannamədə ödəniş şərtləri düzgün göstərilməmişdir. Belə ki, ödəniş şərtləri 110 kodu ilə- yəni malın dəyəri tam yox, qismən ödənilmişdir-qeyd olunmalı olduğu halda, yanlış olaraq 120 kodu altında- malın dəyəri idxaldan sonra ödəniləcək- kimi qeyd olunmuşdur. Beləliklə texniki səhvə yol verilmişdir. Bununla bağlı gömrük orqanına sorğu göndərilmişdir. Maşınlarda müəyyən çəki var və həmin çəkinin, konteynerin doldurulması üçün mallar artıq göndərilmişdir. Yəni, malın 61460 ABŞ dolları deyil, 65930 ABŞ dolları həddində göndərilməsi yük konteynerinin tam doldurulması zərurətindən irəli gəlmişdir. Bəyannamədə səhvən mal 120 kodu altında daxil olmuşdur. Bu səbəbdən qismən ödəmə-110 kodu altında malın rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Mal artıq göndərildiyindən, həmin gömrük bəyannamələri üzrə idxal da daha artıq, məbləğ isə artmış olacaq. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, 2023-501 nömrəli alqı-satqı müqaviləsinə əsasən “FC GROUP» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ” arasında ümumi dəyəri 500000 ABŞ dolları məbləğində olan müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli OX4 nömrəli ödəniş tapşırığından görünür ki, “FC GROUP» MMC tərəfindən 108000 ABŞ dolları məbləğində vəsait 17 may 2023-cü il tarixdə xaricə “Ecs Enerji Sanayi Ve Dis Ticaret Limited Sirketi”nin hesabına köçürülmüşdür. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, “FC GROUP» MMC tərəfindən 108000 ABŞ dolları məbləğində vəsait 17 may 2023-cü il tarixdə xaricə “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ.” hesabına köçürülmüş, 02 il müddət keçsə də, 61460 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 17 may 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni İmişli rayonu, Cəfərli kəndi, ev 0,m 0 ünvanında baş vermişdir. "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ” şirkətinə xx.xx.2023-cü il tarixində köçürülmüş 108000 ABŞ dolları məbləğinin qarşılığında **********9314 saylı gömrük bəyannaməsi təqdim edilmiş, 61460 ABŞ dolları qalıq qalmışdır. Həmin gömrük bəyannaməsi ilə müəyyən olunur ki, invoys dəyəri 46540 ABŞ dolları olan mallar göndərilmişdir. **********6884 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə uyğun olaraq “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına invoys dəyəri 65930 ABŞ dolları olan mallar göndərilmişdir. Çatdırılma şərtləri ilə malın 120 kodu altında daxil olduğu göstərilmişdir. Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubunda bildirilmişdir ki, **********6884 saylı gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü bəndində ödəniş şərti yanlış olaraq qeyd olunmuşdur. Yəni 110-malın dəyəri tam yox, qismən ödənilmişdir-qeyd olunmalı olduğu halda, yanlış olaraq 120-malın dəyəri idxaldan sonra ödəniləcək- qeyd olunmuşdur. Bu səbəbdən həmin bəyannamədə düzəliş aparılması xahiş olunmuşdur. "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 19791 saylı məktubunda qeyd olunmuşdur ki, “...tərəfinizdən xx.xx.2023-cü il tarixində “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ.”nin xeyrinə aparılmış 108000 USD avans ödənişi cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə tam bağlanılmışdır: ödəniş tarixi-xx.xx.2023, ödəniş məbləği-108000 USD, gömrük bəyannaməsinin sorğu nömrəsi **********9314- 46540 dollar-xx.xx.2025 (banka təqdim olunma tarixi) gömrük bəyannaməsinin sorğu nömrəsi **********6884- 61460 dollar-xx.xx.2025 (banka təqdim olunma tarixi) Məktuba əlavə olunmuş **********6884 sorğu nömrəli gömrük bəyannaməsində çatdırılma şərtlərində 120 kodunun 110 kodu ilə əvəz edildiyi müəyyən olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, “FC GROUP» MMC tərəfindən 17 may 2023-cü il tarixdə xaricə “ECS ENERJİ SANAYİ VE DİS TİCARET LİMİTED SİRKETİ” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar **********9314, **********6884 saylı gömrük bəyannamələrinə əsasən ölkəyə idxal edilmişdir. Yalnız idxalı təsdiq edən **********6884 saylı gömrük bəyannaməsində kod uyğunsuzluğuna görə həmin gömrük bəyannaməsi nəzərə alınmamış və buna görə də “FC GROUP» MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamı Qrafa 20. «Çatdırılma şərtləri» Birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Üçüncü yarımbölmədə idxal istiqamətində ölkəyə gətirilən malların dəyərinin ödəniş şərtindən asılı olaraq 5 rəqəmli kodu aşağıdakılara uyğun olaraq göstərilir: «100» - malın dəyəri əvvəlcədən tam ödənilmişdir; «01» - malın dəyəri əvvəlcədən tam ödənilmişdir; «110» - malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir; «120» - malın dəyərinin idxaldan sonra ödəniləcəyi tərəflər arasındakı sövdələşmə ilə nəzərdə tutulduqda və malın dəyəri idxaldan sonra ödənildikdə; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından “FC GROUP» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53.1.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar