Məhkəmə qərarları › İş №3(036)-1126/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1126/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1126/2025 03.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Aqil Əfəndiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-79/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunu borclu ödəmir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Aqil Əfəndiyev izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-79/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini tam icra etməmiş, bu səbəbdən ödənilməmiş 4349.8 manat borcu qalmışdır. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində məhkəmə qərarının qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda kənddə qardaşının yanında yaşayır. Rəsmi olaraq işləmir. Kənddə iş olanda işləyib, qazanc əldə edir. Nikah pozulmamışdan öncə ailəsi ilə birgə Bakı şəhərində kirayə mənzildə yaşamışlar. Nikah pozulduqdan sonra kəndə gəlmişdir. Qazandıqca aliment borcundan ödəyir. Hazırda ödənişləri karta edir və məhkəməyə qəbzlər təqdim etmişdir. Əvvəllər də ödəmələr etmiş, lakin bununla bağlı qəbzlər saxlamamışdır. İşlədikcə aliment borcundan ödəmələr edəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qərarının qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, hazırda uşaqları ilə anasının yanında yaşayır. Özü xəstədir, işləmir. Bir uşaq da astma xəstəsidir, dərmanları üçün mütəmadi pul lazım olur. Şəxs ödədiyi aliment məbləği az miqdardadır. Onlara kifayət etmir. Tələbkar məhkəmə qərarının qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin 2(036)-79/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 17 iyul 2024-cü il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir; İmişli Rayon İcra və Probasioya şöbəsinin icra məmuru Aqil Əfəndiyevin icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası üçün borcluya eyni tarixli bildiriş göndərilmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatına alınmalı daşınar əmlakı yoxdur; İşdə olan “Mpay”, "xxxx" QSC-nin qəbzlərindən görünür ki, tələbkar X4 hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi müxtəlif vaxtlarda və məbləğlərdə ödənişlər edilmişdir. Borclunun izahatından görünür ki, ödənilən məbləğ cəmi 715 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1530/2025 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Şəxs tərəfindən icra sənədi üzrə olan borcundan X2 xeyrinə borcundan yuxarıda qeyd ediıən məbləğlərdə ödənişlər edilmiş və qalan hissəsi də yaxın günlərə ödəniləcəkdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar