Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1129/2025 07.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-cü ildə İmişli rayonunun Aranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Aranlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli, 2(036)-36/2013 saylı icra sənədinə əsasən Şəxs 22000 (iyirmi iki min) manat dəyərində pul və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul alınaraq X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İmişli rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, İmişli Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli, 2(036)-36/2013 saylı icra sənədinə əsasən borclu Şəxs 22000 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Lakin borclu icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin bildirmişdir ki, borclu axtarış nəticəsində gətirilmişdir. İcra məmuru məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, şəxs barəsində axtarış 2013-cü ildən axtarış tədbirləri həyata keçirilmiş, DİN Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə axtarış işi açılmış, 12 il ərzində axtarışda olmuşdur. 2 ay bundan öncə şəxs Nizami rayon Polis İdarəsi tərəfindən saxlanılsa da, təhvil verilməmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bildirilmişdir ki, İmişli rayon icra və probasiya şöbəsinə müraciət etməlidir. Lakin şəxs şöbəyə müraciət etməmişdir. Son olaraq dünən Nizami rayon Polis İdarəsi tərəfindən saxlanılaraq şöbəyə təhvil verilməmişdir. Tələbkar 1950-ci il tələllüdlü xanımdır. Şöbəyə sonuncu müraciəti 2016-cı ildə olmuşdur. Hazırda onunla əlaqə saxlanılması mümkün olmamışdır. Bakı şəhəri, Keşlə qəsəbəsində yaşayır. Qonşularının bildirdiyinə görə hazırda yaddaş pozğunluğundan əziyyət çəkir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli, 2(036)-36/2013 saylı icra sənədindən məlumatlıdır. Belə ki, o əvvəllər tələbkar ilə Keşlə qəsəbəsində qonşu olmuşdur. Həmin vaxt uşağının xəstəliyinə görə tələbkardan faizə 6000 manat pul götürmüşdür. Sonra məhkəmə qətnaməsi ilə 22000 manatın ondan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Hazırda həmin uşağının 21 yaşı var. Ş.Raya bir neçə dəfə ona zəng edərək pulunun ödənilməsini tələb etmişdir. 2015-ci ildə o Keşlə qəsəbəsindən köçüb getmişdir, 1 dəfə köçdükdən sonra tələbkar ona zəng edib pulu tam məbləğdə istəmişdir. Ondan sonra tələbkarla heç bir əlaqəsi olmamışdır. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda işə düzəlmişdir. Yaxın vaxtlarda işləyib hər ay 300-400 manat olmaqla borcunu hissə-hissə ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə İmişli Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli, 2(036)-36/2013 saylı icra sənədinin icrasını 12 il ərzində təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 07 iyul 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №3(036)-1129/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1129/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver