Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1173/2024 17.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(036)- 2925/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 9600 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, barəsində axtarış elan edilmiş, lakin bu günədək borclu tərəfindən icra sənədi üzrə hər hansı ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədinin və məhkəmə qətnaməsinin mövcudluğundan məlumatı olmamışdır. Ona icra şöbəsindən məktub göndərilməmiş, icra sənədi üzrə icraatdan xəbəri olmamışdır. 20 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs onun oğluna qarşı 9600 manat məbləğində borcun tutulması barədə tələbi olmuş, həmin icra sənədi üzrə ödənişlər etmişdirlər. Qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(036)-2925/2023 saylı icra vərəqəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 9600 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(036)-2925/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(036)-2925/2023 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlər edilməsə də, həmin hal onun qərəzli münasibətindən irəli gəlməmişdir. Belə ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin iş materiallarına həmin bildirişin - xəbərdarlıq məktubunun borclu tərəfindən qəbul edilməsi barədə heç bir təsdiqedici sənəd əlavə olunmamışdır. Bundan əlavə, bildiriş “İmişli şəhəri, ünvan 2 ünvanına göndərilmiş, məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, borclu faktiki olaraq 20 ildən artıq müddətdir ki, Bakı şəhərində yaşayır. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı ödəniş edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1173/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1173/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver