Məhkəmə qərarları › İş №3(036)-122/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-122/2020

12.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-122/2020 12.05.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, şikayət vermiş şəxs Əliyev Rövşən Məhəddin oğlunun iştirakı ilə, İmişli rayon Polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin polis Baş Leytenantı x2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30.08.2019-cu il tarixli TP3414386 saylı qərardan Əliyev Rövşən Məhəddin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: İmişli rayon Polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin polis Baş Leytenantı x2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30.08.2019-cu il tarixli TP3414386 saylı qərarı ilə Əliyev Rövşən Məhəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 353.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. Əliyev Rövşən Məhəddin oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əliyev Rövşən Məhəddin oğlu izahatında göstərmişdir ki, 17.08.2019-cu il tarixdə x3 Patrul Xidmənin inspektoru tərəfindən saxlanılmış, idarə etdiyi yük avtomobilinə normadan artıq yük vurmağı göstərilərək barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib olunmuş, bundan sonra TP3414386 nömrəli qərarla 600 manat məbləğində cərimə edilmişdir. Lakin o, idarə etdiyi avtomobilə normadan artıq yük vurmamış, daşıdığı yükün qabariti maşının konstruksiyasına uyğun həddə olmuş və tərəzidə çəkilməmişdir. Ona görə də həmin qərarı əsassız hesab edir və ləğv edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati qaydada tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmiş şəxsi dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin; 353.2-ci maddəsinə əsasən...., fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə məsuliyyət müəyyən edilmişdir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. Əliyev Rövşən Məhəddin oğlunun barəsində olan 17.08.2019-cu il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokolda Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, avtomaşının hansı xüsusi texniki vasitələrdən istifadə olunmaqla çəkilməsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşdən görünür ki, inzibati icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) hər bir inzibati xətaya aid edilən sübutlar əldə edməklə konkret inzibati xətanın törədilməsini və həmin xətanı törətmiş şəxsin təqsirini müəyyən edilmədiyi halda inzibati qaydada tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli şəxs 17.08.2019-cu il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokol əsasında Əliyev Rövşən Məhəddin oğlunu inzibati qaydada tənbeh etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Əliyev Rövşən Məhəddin oğlunun əməlində hər hansı inzibati xəta tərkibi olmadığından İmişli rayon Polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin polis Baş Leytenantı x1 30.08.2019-cu il tarixli TP3414386 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 100, 128-130, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. İmişli rayon Polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin polis Baş Leytenantı x1 30.08.2019-cu il tarixli TP3414386 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar