Məhkəmə qərarları › İş №3(036)-1244/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1244/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1244/2025 18.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, X1, İmişli Rayon Yol Patrul Xidmətinin polis baş serjantı X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 29613771 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 29613771 nömrəli qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o xx.xx.2025-ci il tarixdə saat 11:29 radələrində idarə etdiyi «VAZ21074» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Aslanov küçəsində səkidə dayanma və durmasına görə İXMnin 346.9 maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi əsas gətirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9 maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərarla razı deyildir. Qeyd edilən ərazidə nəqliyyat vasitəsinin saxlanılması zamanı dayanma və durmanı qadağan edən heç bir yol nişanı və ya nişanlama mövcud olmamışdır. 3 ildir mütəmadi avtomobili həmin ünvanda saxlamışdır. Maşını saxladığı ərazi səki olsa da, həmin küçədə nəqliyyat vasitələrinin daimi və geniş yayılmış parklanma təcrübəsi mövcuddur və səkiyə giriş üçün yolun kənar hissəsində qırıq-qırıq xətdən istifadə olunub. Hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 29613771 nömrəli qərar ləğv edilməli və həmin iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi, məhkəmənin suallarını cavablandıraraq bildirdi ki, əvvəllər də həmin əraziyə yaxın yerdə parklanmaya görə cərimə olunmuşdur. Yol patrux Xidmətinin əməkdaşı məhkəmə iclasında şikayətin təmin olunmamasını xahiş etdi, məhkəmənin suallarını cavablandıraraq bildirdi ki, vətəndaş əvvəllər də həmin əraziyə yaxın yerdə parklanmaya görə cərimə olunmuşdur. Nəhmədov Elvin məhkəməyə videogörüntü təqdim edərək, şikayət verən şəxsin avtomobili piyadalar üçün nəzərdə tutulmuş səkidə saxladığı yeri göstərdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin EQ 29613771 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 11:25-də İmişli şəhəri H.Aslanov küçəsində “VAZ 21074” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin səkidə dayanmasına görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəİİəsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 istifadəsində olan nəqliyyat vasitəsi İmişli şəhəri H.Aslanov küçəsi ünvanında yolun avtomobillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində dayandırılmışdır. Məhkəmə iclasında təqdim olunmuş videogörüntüdə nəqliyyat vasitəsinin avtomobillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində-piyadaların hərəkət etdiyi hissədə dayandırıldığı müəyyən olunmuşdur. Yəni, nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi düzgün qiymətləndirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 16) səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 31) nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 32) parklanma – nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. 32-1) parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir; Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmiş, bu barədə onun barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərarla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin EQ 29613771 saylı xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar