Məhkəmə qərarları › İş №3(036)-1253/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1253/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1253/2025 15.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28554431 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ28554431 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 13 iyun 2025-ci il tarixdə 20:29 radələrində idarə etdiyi avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən ikitərəfli yolun yolayrıcında yolların xətlərinin yenilənməsi işləri getdiyi üçün qarşısında 1.23 (yol işləri) və 1.30 (digər təhlükələr) xəbərdarlıq nişanlarını, habelə yolun tən ortasında 4.2.2 (maneəni soldan keçmək) məcburi hərəkət istiqamət nişanlarının qoyulmaqla yolda düzünə hərəkətin məhdudlaşdırıldığını görüb 4.2.2 nişanının tələblərinə uyğun olaraq maneəni soldan keçməklə hərəkəti davam etdirmişdir. Buna baxmayaraq 13 iyun 2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 150 manat məbləğində cərimə edilmişdir. O, hər hansı inzibati xəta hadisəsi törətməmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən bunu sübut etmək məcburiyyətində deyil. Lakin barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə tərtib olunmuş 13 iyun 2025-ci il tarixli EQ 28554431 saylı inzibati tənbeh vermə haqqında qərarda əks olunan fotoşəkillərdən açıq və aydın şəkildə görünür ki, tərəfindən hər hansı bir inzibati xəta hadisəsi törədilməmişdir. Ona görə də, şikayəti təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ 28554431 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayətinin maiyyətinə uyğun çıxış edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28554431 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28554431 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28554431 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “OPEL ASTRA” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks hərəkət hissəsinin hərəkət etdiyinə görə X2 Azərbaycan Respublikasının İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsinin dispozitiv şərtlərindən görünür ki, həmin maddənin tərkibinin yaranması üçün birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halı mövcud olmalıdır. Lakin, indiki halda materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, şikayətçi “OPEL ASTRA” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən, yolun bir hissəsində təmir işləri getməsi səbəbindən və yol bağlı olduğundan yola yerləşdirilmiş sol yola istiqamətləndirici nişanın tələbinə əsasən əks istiqamətdə hərəkət etmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 28554431 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə sürücünün əməllərində inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, həmin vaxt sürücünün hərəkətləri məcburi əks istiqamətdə hərəkət etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28554431 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28554431 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar