Məhkəmə qərarları › İş №3(036)-1275/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1275/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1275/2025 01.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs, nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X13 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X13 Sistemlərinin İstismarı İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X13 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, İmişli Rayon Məhkəməsinin 2(036)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu hüquqi şəxs X13 Sistemlərinin İstismarı İdarəsi tərəfindən məhkəmə qərarı icra edilməyərək, qeyd edilən tələb təmin edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X13 Sistemlərinin İstismarı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Qətnamə hüquqi qüvvəsini aldıqdan sonra icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin qətnamə qərəzli olaraq icra olunmur. Belə ki, idarədə ixtisar olunan bütün işçilər işə bərpa olunsalar da, yalnız o və əmisioğlu işə bərpa olunmamışlar. Qərəz isə onunla bağlıdır ki, rəhbərliyin hərəkətlərindən müxtəlif orqanlara müraciət etmişlər. Bu səbəbdən işə bərpa ilə bağlı qətnamə də icra olunmur. İdarə sanki işə bərpa etmək adı ilə ona digər vəzifələr təklif edir. Onun azyaşlı uşaqları vardır. Evinə yaxın meşədə işləmək, yol pulu vermədən işə getmək onun üçün rahat idi. Hazırda işəgötürənin ona təklif etdiyi iş yerləri onu heç qane etmir. Belə ki, İdarədə təklif olunan işə getmək üçün hər gün taksiyə ödəniş etməlidir. Halbuki onun ixtisara düşdüyü iş üzrə insanlar yenə meşədə işləyir, həmin işləri yerinə yetirirlər. Onun üçün işin, vəzifənin adının nə olmasının heç bir əhəmiyyəti yoxdur, yalnız həmin yerdə işinə bərpa olmaq istəyir. İllərlə həmin meşələrin salınmasında, ağacların əkilməsində əməyi olmuşdur. Hazırda isə bildirilir ki, meşədə həmin işləri heç kim görmür. Halbuki həmin ərazidə Səma adlı şəxs vəzifəsini yerinə yetirməkdə davam edir. İşə bərpa üçün qardaşı ilə İdarəyə getmişlər, onları Elnur müəllim qəbul etmişdir. Daha sonra qapıda qalmışlar, onlara əhəmiyyət verən olmamışdır. Yalnız formal olaraq təkliflər olunur. Həmin meşədə işləyən zaman yalnız suvarma işləri deyil, əkin işlərini də, ümumiyyətlə hər bir işi görürdü. Zərərçəkmiş şəxs işin istinad olunan hallarına əsasən bildirmişdir ki, məhkəmə qərarı qərəzəli olaraq icra olunmur. Bu səbəbdən hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi- qardaşı X2 izahat verərək bildirdi ki, qətnamə qərəzli olaraq icra olunmur. Onlara ilk dəfə şifahi olaraq qətnamənin bərpası adı ilə təklif olunan iş Kürdəmir rayonuna yaxın olan ərazidə, onların kəndindən 60 km məsafədə yerləşən bir kənddədir. Digər təklif etdikləri iş isə Şahverdili kəndindədir. Həmin ixtisarda 51 nəfər işdən azad olsa da, 49 nəfər öz işinə bərpa olunmuşdur. Qardaşı və əmisi oğlu işə bərpa olunmamışdır. Bu da onu göstərir ki, onlara qarşı qərəzli mövqe tuturlar. İxtisar olunan vaxt dedilər ki, həmin ştatın adı dəyişib. Vəzifənin ixtisara düşdüyünü demədilər. Meşədə iş var. Çünki meşə bir neçə gün əvvəl yananda bütün işçilər orada idi. Onlardan şikayət etdiklərinə görə işəgötürən qərəzli mövqedədir. Bir daha bildirir ki, onlara Allahmədətli kəndində iş olduğunu dedilər və yaşadıqları ərazi ilə Allahmədətli kəndi arasındakı məsafə 60 km-dir. İşəgötürənin nümayəndəsi bildirir ki, 450 manat maaşı olan iş təklif olunur. Onları meşədə yerləşən və maaşı 400 manat olan əvvəllki iş qane edir. Nümayəndənin bildirdikləri həqiqəti əks etdirmir, idarədə olan zaman onlara heç bir iş təklif olunmamışdır. Meşədə olan ştat saxlanılır. Yəni, həmin işi hazırda da yerinə yetirənlər var. Ad dəyişə bilər, lakin vəzifə yenə mövcuddur. O işi görən şəxlərdən X8 hal-hazırda orada işləyir. Zərərçəkmiş şəxsin nümayəndəsi hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X13 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər işlədiyi meşə gözətçisi vəzifəsi ştat cədvəlində ləğv olunmuşdur. Ona görə ona yardımçı fəhlə vəzifəsi təkilf olunmuş və hal-hazırda həmin ştat onun üçün saxlanılır. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 13 avqust 2024-cü il tarixdə ixtisarlar olmuş və iki nəfər işçi işdən azad olunmuşdur. Təklif olunan yardımçı fəhlə işi üzrə vəzifə maaşı 450 manatdır. Zərəçəkmiş şəxs ləğv olunan vəzifə üzrə iş yerinə qaytımaq istəyir. Təklif olunan iş İdarənin binasındadır. Əvvəlki iş evinə yaxın ərazidə idi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X13 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X11 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs işdən azad olunmuşdur. Daha sonra məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tərəf İdarəyə çağırılmış və ona iş təklif olunmuşdur. İşə bərpa olunması üçün əvvəllər işlədiyi meşə gözətçisi vəzifəsi ştat cədvəlində ləğv olunmuşdur. Təklif olunan iş Boşçallar kəndində yerləşir və onun yaşadığı ərazidən 28-30 km uzaqlıqdadır. Meşə gözətçisi ştatı bütün Azərbaycanda ləğv olunub. Zərərçəkmiş şəxs son olaraq idarənin özündə 450 manat vəzifə maaşı olan fəhlə işini təklif etmişlər, bununla bağlı yazılı məktub bildiriş ünvanına göndərilmişdir. Lakin məktuba heç bir münasibət bildirilməmişdir. Təqdim olunmuş ştat cədvəllərindən də görünür ki, hazırda idarədə həmin ştat mövcud deyildir. Bütün ölkə üzrə həmin ştat ləğv edilmişdir. Zərəçəkmiş şəxsin və nümayəndənin bildirdikləri həqiqəti əks etdirmir. Çox adam vəzifəsinə bərpa olmayıb. Hazırda meşədə o işi görən şəxslər yoxdur. X8 başqa ştat üzrə işləyir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X13 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-320/2025 saylı icra sənədindən görünür ki, X13 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinin ləvğ edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmr ləğv edilməli, Zərərçəkmiş şəxs X13 Sistemlərinin İstismarı İdarəsində “meşə zolağının gözətçisi” vəsifəsinə bərpa edilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-320/2025 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-320/2025 nömrəli icra sənədi üzrə 10 gün müddətində tələbin könüllü icrası xahiş olunmuşdur. X13 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona təklif olunmuş yardımçı fəhlə peşəsi üzrə işdən imtina etmiş, meşədə əvvəlki işində işləmək istədiyini bildirmişdir. İdarənin hüquq və X7 rəisi X12 Rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatda eyni halları bildirmişdir. İşin tam və hərtərəfıli araşdırılması məqsədilə məhkəmə tərəfindən bir sıra sorğular göndərilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ştat cədvəli ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs əvvəllər işlədiyi meşə zolağının gözətçisi vəzifəsi üzrə aylıq vəzifə maaşı 406 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixli ştat cədvəli ilə müəyyən olunur ki, hazırda təklif olunan yardımçı fəhlə vəzifəsi üzrə aylıq vəzifə maaşı 450 manat təşkil edir. X13 Sistemlərinin İstismarı İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdə 96 saylı əmrlə İmişli SSİ-də meşə zolağının gözətçisi işinə qəbul olunmuşdur. Səma Cəfərovun əvvəl işlədiyi meşə zolağının gözətçisi peşəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşdüyü üçün struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılan X13 Sistemlərinin İstismarı İdarəsində 1 saylı Qaradonlu sahəsi üzrə 4-cü dərəcəli fəhlə işində işləyir və vəzifə maaşı 500 manat təşkil edir. Zərərçəkmiş şəxs əvvəllər işlədiyi meşə zolağının gözətçisi peşəsinin X5 işlədiyi fəhlə peşəsindən fərqi ondan ibarətdir ki, Zərərçəkmiş şəxs meşə əkin sahəsinə nəzarət edirdi, Səma Cəfərov isə irriqasiya sahəsi üzrə, yəni əkin sahələrinin suvarma yolu ilə təmin olunmasına xidmət edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli 2(036)-320/2025 nömrəli icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasları məhkəmə qərarının icrasının təmin edilməsi üçün bir neçə dəfə təxirə salınmış, hüquqi şəxsin nümayəndəsinə məhkəmə qərarının icrasının təmin edilməsi üçün vaxt verilmiş, lakin son olaraq qərarın icrası təmin edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsə başqa iş yerlərinin təklifini icra sənədindəki tələbin icrası kimi qəbul etmir. Belə ki, zərərçəkmiş şəxsin və nümayəndənin izahatından görünür ki, həmin iş yerinin zərərçəkmişin evinə yaxın olması, bununla vaxta qənaət, nəqliyyat xərclərinin olmaması onun üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə vurğulanır ki, təklif olunan vəzifə maaşının əvvəlki vəzifə maaşından bir qədər artıq olması zərəçəkmiş şəxsin maraqlarına cavab vermədiyindən, hüquqi şəxsin məhz həmin hala istinadla digər vəzifənin təklifini məhkəmə qərarının icrasına səy göstərilməsi kimi təqdim etməsi, həmin qərarın icrası hesab olunmur. Göstərilən səbəblərdən məhkəmə hesab edir ki, X13 Sistemlərinin İstismarı İdarəsi qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi tam icra etməməsi, həmçinin icra məmurunun çağırışlarına gəlməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X13 Sistemlərinin İstismarı İdarəsinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında əsasnamənin 3.1.46-cı maddəsinə əsasən tabeliyindəki qurumların balansında olan meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək Agentliyin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X13 Sistemlərinin İstismarı İdarəsinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X13 Sistemlərinin İstismarı İdarəsinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, X13 Sistemlərinin İstismarı İdarəsinin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar