Məhkəmə qərarları › İş №3(036)-1357/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1357/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1357/2025 18.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin İTB-nin sahə rəisi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə İmişli rayonunda doğulmuş, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edimişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin İTB-nin sahə rəisi X10 izahatında bildirmişdir ki, X1 14 iyul 2025-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə ərizəsi icraatına daxil olmuşdur. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, pambıq bitkisi əkmiş, xx.xx.2025-ci il tarixdə həmin pambıq bitkisini suvarmaq üçün ona Muxtar Allahverdiyev su vermişdir. xx.xx.2025-ci il tarixdə o, əkin sahəsini tam suvarmadığı halda yarımçıq vəziyyətdə Muxtar Allahverdiyev onun əkin sahəsinə gedən suyu bağlamışdır. Ona yaxınlaşaraq xahiş etmişdir ki, suyun verilməsini bərpa etsin, əkin sahəsini suvara bilsin. O isə bildirmişdir ki, suyu Boşçalılar kəndinə verəcək. Sonra isə Muxtar Allahverdiyevə bildirmişdir ki, o, şulusu açıb əkin sahəsinin qalan hissəsini suvaracaq. Lakin şulusu açmamışdır. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Muxtar onu yaxasından tutaraq nalayiq söyüşlər söymüşdür. O isə onu yaxasından tutaraq kənara itələmiş, lakin həmin vaxtı onun sifət nahiyəsinə yumruq vurmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X4 izahatında bildirmişdir ki, İmişli rayonu suvarma sistemləri idarəsinin rəisi Samir Məmmədovun tapşırığına əsasən xx.xx.2025-ci il tarixdə suyun Muradxanlı və Boşçalılar kəndinə verilməsini bildirmişdir. O, bu tapşırığa əsasən suyu qeyd olunan kəndlərə vermişdir. xx.xx.2025-ci il tarixdə Şəxs pambıq sahəsini suvarması üçün ona su vermişdir. xx.xx.2025-ci il tarixdə rəhbərliyin tapşırığına əsasən o, Şəxs əkin sahəsinə gedən su şulusunu bağlamışdır. Həmin vaxt Cabirin su şulusunu açaraq öz pambıq sahəsini suvarmasını görmüş və ona şulusu bağlamasını bildirmişdir. Bu səbəbdən çöl sahəsində Cabirlə aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı Cabir onun üstünə gələrək ona kəllə ilə vurmaq istəyəndə sifətini qaçırmış və onun kəlləsi dəyməmişdir. Sonra isə yumruqla bir dəfə sol sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt orada olan X7, X11, bələdiyyə sədri X13, X3 və X6 onu tutub və aralamışdırlar. Sonra isə o, özünə məxsus avtomobildən ağac götürərək onun üstunə gəlib onu söymüş və sonra həmin şəxslər onu tutmuş, ağacla vurmağına imkan verməmişdirlər. Həmin mübahisə təxminən 15 dəqiqə kəndin çöl sahəsində davam etmişdir. Daha sonra o, bu barədə öz rəhbərliyinə və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi X2 xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 395/25 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol almacıq, sol ciyin qurşağı və sağ kürəkaltı nahiyələrində qançırlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilməsi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib edilmiş şəxsin məhkəmədə verdiyi inkaredici izahatını özünümüdafiə kimi qiymətləndirir və hesab edir ki, Şəxs əməli məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, yaşını, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar