Məhkəmə qərarları › İş №3(036)-1388/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1388/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1388/2025 27.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli rayonu, Yol patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İmişli rayonu, Yol patrul xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Azayev X3 rayonu, Qaradonlu yolunda hərəkətdə olarkən avtomobili yüksək surətlə idarə etdiyindən saxlanılıb. Saxlanılarkən Şəxs spirtli içkidən istifadə etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, həqiqətən sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair barəsində inzibati tənbeh vermə haqqında qərar 25 avqust 2025-ci il tarixdə tərtib olunmuşdur, həmin qərarı icra etməmiş, cəriməni ödəməmişdir və qərardan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayonu, Yol patrul xidməti inspektoru polis baş serjantı X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:21 radələrində İmişli rayonu, Qaradonlu yolunda Şəxs “VAZ 21074” minik markalı, **-UF-*** qeydiyyat nömrəli avtomobili idarə edərkən qadağan olunmuş işıqdan istifadə etdiyi və avtomobili yüksək surətlə idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Saxlanılan zaman müəyyən olmuşdur ki, şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 22 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 329.1, 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 25 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 329.1, 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə minənədək ödəmiş və həmin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcı həmin Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin icrasının bitdiyi gündən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məcəllənin 333.2-ci maddəsində isə həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, inzibati xətanın təkrarlığına görə ağırlaşdırıcı hal kimi daha sərt tənbehin tətbiq edilməsi tənbeh verilməsi barədə qərarın qəbul edilməsi ilə deyil, həmin qərarın məhz qüvvəyə minməsi ilə şərtləndirilmişdir. Qanunverici tərəfindən belə tənzimetmənin müəyyən edilməsində məqsəd şəxs tərəfindən inzibati tənbeh vermə barədə qərarın mübahisələndirilməsi imkanının, gələcəkdə həmin qərarın dəyişdirilməsi ehtimalının mövcudluğu və müvafiq olaraq şəxsin təqsirinin yalnız qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilməsinə dair Konstitusiyanın, cinayət və inzibati xətalar qanunvericiliklərinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasından irəli gəlir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərarın, şikayət və ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydasını müəyyən etmişdir. Belə ki, həmin maddəyə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün və ya apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin qanunla müəyyən edilmiş qaydada qüvvəyə minmiş qərarının olması zəruridir. Yalnız bundan sonra bir il ərzində şəxs tərəfindən həmin inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. Hazırkı işdən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol 22 avqust 2025-ci il tarixdə tərtib olunmuş, həmin protokol əsasında 25 avqust 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərardan şikayət vermə müddəti bitməmiş və qərar qüvvəyə minməmişdir. Qərar qanuni qüvvəyə minmədiyindən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar