Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1399/2025 20.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhmədf Siracəddin oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 İmişli Rayon Polis leytenantı X2 25 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat cərimə edilməyi barədə İmişli Rayon Polis leytenantı X2 25 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 25 avqust 2025-ci ildə aldığı sənəddən məlum oldu ki, İmişli Rayon Polis leytenantı X2 25 avqust 2025-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Həmin qərara əsasən guya 25 avqust 2025-ci il tarixdə idarə etdiyi “X10 Prado” minik markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək qayda pozuntusu etmişdir. O heç bir qayda pozuntusu etməmişdir. Əlavə olaraq qeyd edir ki, həmin ərazidə kamera var və kamera görüntülərinə baxılarsa, heç bir qayda pozuntusu etmədiyi aydınlaşar. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin gün müvafiq istiqamət üzrə hərəkət edərkən İmişli Rayon Polis X8 Xidmətinə məxsus avtomobili görmüş, həmin avtomobil ilə onun avtomobili arasında 40 metr məsafə olmuşdur. O yolayrıcını keçmə hərəkəti edərkən Yol Patrul Xidmətinə məxsus avtomobildən ona dayanma göstərişi verilmiş, lakin həmin ərazidə avtomobillərin durması qadağan olunduğu üçün irəli sürüb, avtomobili dayandırmışdır. Patrul Xidmətinin inspektoru tərəfindən onun barəsində protokol tərtib olunarkən şikayət edəcəyini bildirmişdir. Bu səbəbdən kamera görüntüləri saxlanılmalı idi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X8 Xidmətinin inspektoru iştirak etməmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Polis leytenantı X4 tərəfindən 25 avqust 2025-ci il tarixində tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 25 avqust 2025-ci il tarixdə idarə etdiyi “X10 Prado” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yolayrıcını keçmə qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmaqla 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. İş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra hadisənin audio – video görüntülərinin təqdim olunması üçün İmişli Rayon Polis Şöbəsinə xx.xx.2025-ci il tarixdə sorğu edilmiş, təqdim olunmaması səbəbindən daha sonra təkrar sorğu edilmiş, şifahi olaraq da məhkəməyə həmin görüntünün təqdim olunması xahiş olunmuşdur. İmişli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, inzibati xətanın törədildiyi gündən RPŞ-nə daxil olan məktubla 1 ay müddət keçdiyi üçün yaddaş qurğusunda görüntülər qalmamışdır. (Məhkəmənin dəftərxanasına həmin məktub rəsmi olaraq daxil olmamışdır.) Halbuki, məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs qərardan şikayət verəcəyini bildirmiş, xx.xx.2025-ci il tarixli protokol üzrə xx.xx.2025-ci il tarixdə qərar qəbul olunmuş, şəxsin həmin qərardan şikayəti artıq xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sorğu məktubu isə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yolayrıcı—yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 42-ci maddəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Beləliklə məhkəmə hesab edir ki, İmişli Rayon Polis X8 Xidmətinin inspektoru X2 25 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. İmişli Rayon Polis leytenantı X2 25 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(036)-1399/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1399/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver