Məhkəmə qərarları › İş №3(036)-1422/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1422/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1422/2025 09.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə 17 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərarda qeyd olunmuşdur ki, “...X2, X1 oğlunun, Şəxs və X4 əməlində hər hansı bir cinayətin tərkib əlaməti yoxdur, lakin X2, X1,Şəxs və X4 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində nəzərdə tutulmuş qumar oyununda iştirak etmə, yəni qumar oynamaq kimi qiymətləndirilməlidir. Belə olan halda, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və eyni zamanda X2, X1,Şəxs və X4 barəsində Azərbaycan Respublikası İXM-in 401.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin İTB-yə göndərilməlidir.” İnzibati xəta haqqında 17 avqust 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 14.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qanunun yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq hesab edirəm ki, hazırki inzibati iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 aprel 2025ci il tarixli qərarın qəbul edildiyi vaxtdan 3 (üç) aydan artıq müddət keçdiyindən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1, 53.1.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbehin tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsi ilə əlaqədar xitam verilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar