Məhkəmə qərarları › İş №3(036)-1428/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1428/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1428/2025 23.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 00100-02585/25 (EP 0252068) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öz səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 3-33- 1100/012/008829 saylı xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC-nin ünvanına 60CC706/99ZH955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilən mallar **********5538 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmişdir. **********5538 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********4123 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda verilməmişdir; Gömrük xidmətinin X1 sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan, **********5538 sorğu nömrəli gömrük bəyannaməsindən və **********4123 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə **********5538 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar xx.xx.2024-cü il tarixdə, saat 14:10-da gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair **********4123 sorğu nömrəli elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə, saat 13:18-də verilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli 00100-02585/25 saylı protokoldan görünür ki, "xxxx" MMC ünvanına 60CC706/99ZH955 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük **********5538 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin, idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirildikdən sonra gömrük orqanlarına elektron formada **********4123 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Bakı Baş Gömrük İdarəsində "xxxx" MMC tərəfindən ölkə ərazisinə gətirilən və **********5538 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin "X1 Sistemi" informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 60CC706/99ZH955 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq xx.xx.2024-cü il tarixdə saat 14:10-da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair **********4123 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixli saat 13:18-də gömrük orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə- vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 116.1-ci bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 263 saylı 22 iyul 2014-cü il tarixli Qərarının: 3.6-cı maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir; 13.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur; 13.3-cü maddəsinə əsasən elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. 13.4 və 13.5-ci maddələrinə əsasən məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 nömrəli 21 may 2016-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən ən azı 1 (bir) saat əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi imperativ norma kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələbi pozulmuş Şəxs MMC-nin ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə, saat 14:10-da gömrük ərazisinə gətirilmiş, həmin mallar qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə **********5538 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməsinə baxmayaraq, həmin mallara dair **********4123 sorğu nömrəli elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 13:18-də verilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar