Məhkəmə qərarları › İş №3(036)-1500/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1500/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1500/2025 14.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, İmişli rayon polis şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, İmişli rayon polis şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 23 sentyabr 2025-ci ildə İmişli rayon polis şöbəsindən aldığı sənəddən məlum olmuşdur ki, o, xx.xx.2025-ci il tarixli TP7480955 saylı inzibati xəta haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.3cü maddələrinə əsasən 400 manat cərimə edilmişdir. Həmin qərarla razı deyil. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddələrinin tələbini pozmamışdır. 23 avqust 2025-ci il tarixdə saat 17:10 radələrində idarə etdiyi “Kia Sportoge” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində hərəkət edirdi. Həmin vaxt İmişli rayon YPX-nin əməkdaşı onu saxladı və yol ayrıcını keçmə qaydalarını pozmağını və həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyat vəstəsinin idarə edilməsi barədə iradını bildirmiş və onu avtomobilindən məcburi düşürüb avtomobilini dayanacağa aparmışdırlar. O, yol polis əməkdaşına qayda pozuntusu etmədiyini bildirmiş və ondan xahiş etmişdir ki, əgər qayda pozmuşdursa görüntünü ona təqdim etsin, o isə heç bir görüntü təqdim etməmiş və ona demişdir ki, gələrsən idarəyə orada görüntünü göstərərik. Dəfələrlə görüntünün ona göstərilməsi üçün İmişli rayon polis şöbəsinə getsə də, həmin görüntü ona təqdim edilməmiş və sözü gedən qərarın surəti isə ona xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Sürüçülük hüququ 2021-ci ildə 6 ay müddətinə məhdudlaşdırılmışdır və həmin müddət keçəndən sonra sürücülük vəsiqəsi polis tərəfindən ona təqdim olunmuşdur. Həmin vaxtdan sonra onun barəsində müxtəlif inzibati protokollar tərtib edilib həmin cərimələri ödəmişdir. Bu müddət ərzində onun sürücülük hüququnun məhdudlaşdırılması barədə irad bildirlməyib. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.3-cü maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş diskdən görünür ki, “Kia Sportoge” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetoforun qırmızı işığı yaşıl işığa keçəndən sonra qarşı tərəfdən hərəkətdə olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol vermədən sola dönmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə “Kia Sportoge” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İ.Mahmudov İmişli şəhəri, H.Əliyev prospektində hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol vermədən sola dönmüşdür. Şikayətin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin İmişli rayon polis şöbəsinə və X2-İmtahan və X4 verilmiş sorğulara cavab məktublarından müəyyən edilmişdir ki, X1 xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına baxmayaraq sürücülük vəsiqəsi rəsmi olaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, vəsiqə xx.xx.2025-ci il tarixdə alınaraq aidiyyəti üzrə X2-İmtahan və X4 göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Baş DYP İdarəsinin MİS-dən çıxarışdan görünür ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məhdudlaşdırılmış, vəsiqə xx.xx.2025-ci il tarixdə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə əsasən, xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə qeyd edir ki, İ.Mahmudovun nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məhdudlaşdırılsa da, vəsiqə təqdim edilmədiyindən xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı vəsiqənin təqdim edildiyi tarixdən başlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, İmişli rayon polis şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. İmişli rayon polis şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar