Məhkəmə qərarları › İş №3(036)-1534/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1534/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1534/2025 09.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu Şahbazlı Musaxan Ağan oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nın 10 sentyabr 2025-ci il tarixli, EQ 30562753 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nın 10 sentyabr 2025-ci il tarixli, EQ 30562753 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətlə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-1035/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati işə baxılması İmişli Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir və bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən X2 işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən və elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışdan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ünvanı Salyan rayonu Qaraçala ə/d, Bəşirbəyli kəndidir. Lakin, Salyan Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadında inzibati xəta hadisəsinin İmişli rayonunda baş verdiyini əsas gətirərək şikayəti aidiyyəti üzrə baxılması üçün İmişli Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Salyan Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(057)-1035/2025 saylı qərardadında göstərilmişdir ki, “şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından olan “E-Polis” Elektron xidmətlər portalından çıxarışdan görünür ki, inzibati xətanın törədildiyi yer İmişli rayonu Qaradonlu kəndi Hacıqabul istiqamətində qeyd olunmuşdur. Salyan Rayon Məhkəməsi öz qərardadında qəbul edilmiş qərarın hüquqi əsası kimi Azərbaycan Respublikasının İXM-nin 110.1-ci, 129.1.3-cü maddələrinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarına istinad etmişdir. Halbuki, məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında göstərilən hüquqi mövqe rəhbər tutularaq, 8 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 239-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 3, 3.3 və 3.3.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 129.1.3-1-ci maddə əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin xx.xx.2025-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərlə olan redaksiyasının 129.1 və 129.1.3-1-ci maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi, Salyan Rayon Məhkəməsi tərəfindən hazırki aidiyyət məsələsini birbaşa tənzimləyən normaya deyil, həmin norma qəbul edilib qanuni qüvvəyə minənədək qüvvədə olan normalara əsasən aidiyyət məsələsini həll edilməklə məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarda göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Artıq qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklər edilərək, həmin Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə edilmişdir. Buna görə də hazırda qanuni qüvvəyə minmiş həmin norma tətbiq edilərək, aidiyyət məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə, Salyan Rayon Məhkəməsinin 3(057)- 1035/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin xx.xx.2025-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərlə olan redaksiyasının 129.1 və 129.1.3-1-ci maddələrinə əsasən X3 Azərbaycan Respublikası DİN BDYPİ-nın 10 sentyabr 2025-ci il tarixli, EQ 30562753 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə onun yaşayış yeri üzrə Salyan Rayon Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 yaşayış yerinin Salyan rayonu Bəşirbəyli kəndində olduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə İmişli Rayon Məhkəməsində baxılması mümkünsüzdür. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 10 sentyabr 2025-ci il tarixli, EQ 30562753 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti üzrə Salyan Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar