Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1603/2025 24.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyuev Əhməd Siracəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs İmişli Rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, İmişli şəhəri, R.Bağırov küçəsi, 9, ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib edilmiş 24 oktyabr 2025-ci il tarixli, İXP7529946 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs İmişli Rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:23 radələrində İmişli şəhəri Q.Qarayev küçəsində İmişli RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Umud Qasımov yaşadığı evin qarşısında dayanan zaman Vaz 2121 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa və sola manevr hərəkətləri etməsi ilə bağlı sürücünün sərxoş olduğundan şübhələnib onun arxası ilə hərəkət edərək İmişli RPŞ-nin DYPB-nin əməkdaşlarına məlumat vermişdir. İmişli şəhəri N.Savalanov küçəsində yerləşən Ailəvi marketin arxasında saxlayaraq avtomobildən yerə enib sağa və sola hərəkətlər etdiyini görüb sürücüyə yaxınlaşmış, ona özünü təqdim edərək sərxoş halda avtomobil idarə etməsinin təhlükəli olduğunu izah etmiş, bu zaman əraziyə RPŞ-nin DYPB-nin YPX inspektorları Ozal Yunisli və o Rahim Xəlilov gəlmişlər, bundan sonra Umud Qasımov sürücünü təqdim edərək sərxoş olduğunu bildirib müayinədən keçirilməsini xahiş etmişdir, bundan sonra alkotesterlə yoxlama zamanı sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqini tapmış, nəqliyyat vasitəsi saxlanca verilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə içki işmişdir, saat 21 radələrində sərxoş halda Vaz 2121 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ailəvi marketin yanında olmuş, orda ona Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı Xəlilov Rahim yaxınlaşmış, bundan sonra alkotester müayinəsi olmuşdur. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportla müəyyən olunur ki, İmişli RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Umud Qasımov xx.xx.2025-ci il tarixdə saat 21:23 radələrində İmişli şəhəri Q.Qarayev küçəsində yaşadığı evin qarşısında dayanan zaman Vaz 2121 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş olduğundan şübhələnib onun arxası ilə hərəkət edərək İmişli RPŞ-nin DYPBnin əməkdaşlarına məlumat vermişdir. 24 oktyabr 2025-ci il tarixli, İXP7529946 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:23-də Vaz 21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 642703 saylı müayinə aktından görünür ki, Şəxs həmin tarixdə saat 21:50 radələrində sərxoş olmuşdur (1,024 promilli). İş materiallarında olan diskə baxış zamanı protokolun tərtibinə əsas olmuş hallar, Şəxs sərxoş vəziyyətdə olması təsdiqini tapmışdır. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(036)-1603/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1603/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver