Məhkəmə qərarları › İş №3(036)-1637/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1637/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1637/2025 12.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis leytenantı X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natıq oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Füzuli rayonu, Cuvarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi işləyən, Füzuli rayonu, Cuvarlı kəndində qeydiyyatda olan yaşayan Şəxs Natıq oğlu, Şəxs Natıq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 12 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Natıq oğlu xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində şöbənin inzibati binasında səs-küy salaraq xidməti aparan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis Şöbəsinin əməkdası X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Natıq oğlu xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində VAZ 2106 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili RQİ və TBŞ-də texniki baxışa təqdim edən zaman dövlət rüsumlarını ödəmədən təkidlə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsini tələb etmiş, 1 saat müddətində şöbənin inzibati binasında səs-küy salaraq xidmət aparan polis əməkdaşlarının və mülki işçilərin iş rejimini pozmuşdur. Polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natıq oğlu izahat verərək bildirmişdir ki, özünü təqsirli bilmir, belə ki, o ödəniş edərək polis əməkdaşlarına yaxınlaşmışdır, ona xidmət göstərilməsini xahiş etmişdir, itaətsizlik etməmişdir, ona xidmət edən polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır, mübahisənin yaranmasına səbəb ödənilmiş dövlət rüsumu ilə bağlı aralarında yaranan narazılıq olmuşdur. Mübahisə zəminində əsəbi olduğu üçün Rəşad adlı əməkdaşa qarşı məhkəmə zalında deyilə bilməyən nalayiq ifadə işlətmişdir. X2 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nalayiq ifadə işlətmişdir, lakin vətəndaşı buna təhrik edən hərəkətlərə yol verilməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məcburi köçkün olmasını, uzaq yerdən gəlməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Şəxs Natıq oğlu xx.xx.2025-ci il tarixdə saat 12 radələrində şöbədə olarkən ona avtomaşında olan nasazlığın aradan qaldırılması təklif olunmuş, bundan sonra vətəndaş narazılığını bildirmişdir, daha sonra onunla xidmət göstərən əməkdaş arasında mübahisə yaranmışdır. Bundan sonra vətəndaş hay-küy salmış, ağır ifadə işlətmişdir. Şahid həmin ifadəni məhkəmə zalında deyə bilməyəcəyini demişdir. Hətta həmin vaxt mübahisəni sakitləşdirməyə çalışan polis əməkdaşının barmağı da əzilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Şəxs Natıq oğlu xx.xx.2025-ci il tarixdə saat 12 radələrində İmişli RQİ və TB şöbəsinin yanından keçərkən VAZ 2106 markalı, ** BL *** nişanlı avtomobilin sürücüsünün hay-küy qaldırdığını, orda işləyən əməkdaşların iş rejiminin pozulduğunu görmüşdür. Polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də, vətəndaş polisin tələblərinə tabe olmayaraq hay-küy salmağa davam etmişdir. Məhkəmə iclasında polis əməkdaşı Əliyev Rəşad bildirmişdir ki, vətəndaş itaətsizlik göstərmiş, nalayiq ifadələr işlətmişdir. Barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 12 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Natıq oğlu xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində şöbənin inzibati binasında səs-küy salaraq xidməti aparan polis əməkdaşının qanuni tələblərinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. DİN BDYPİ-nin İmişli RPŞ-nin rəsiniə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-16- 1/2-893/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Füzuli rayon, Cuvarlı kənd sakini vət. Şəxs VAZ 2106 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili RQİ və TBŞ-də texniki baxışa təqdim edən zaman dövlət rüsumlarını ödəmədən təkidlə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsini tələb etmiş, 1 saat müddətində şöbənin inzibati binasında səs-küy salaraq xidmət aparan polis əməkdaşlarının və mülki işçilərin iş rejimini pozmuşdur. Polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Natıq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs Natıq oğlunun şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Natıq oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 12 noyabr 2025-ci il tarixdən saat 18:55-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Natıq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 noyabr 2025-ci il tarixdən saat 18:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar