Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1648/2025 27.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X6 qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarın və həmin qərara əsasən hesablanmış 500 (beş yüz) manat cərimənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi rəisi Ruslan İsmayılovun xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə mən Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. O üzürlü səbəb olmadan çağırışa gəlməməkdə təqsirləndirirlər. Həmin qərarla razı deyildir. Belə ki, o, 1996-cı ildə anadan olmuşdur. Qərarda göstərilən vaxt barədə ona rəsmi məlumat verilməyib. O, həmin qərarın surətini xx.xx.2025-ci il tarixdə götürmüşdür və onun ünvanına poçtla gəlməyib. Burun çəpəri əyriliyinə görə əməliyyat olunmuşdur, onu hərbi xidmətə aparmayıblar, möhlət hüququ olub. Xəstəliyi nəticəsində nəfəs ala bilmir, yuxu rejimi pozulub gecələr yata bilmir, əsəbləri pozulub, psixoloji problemləri yaranıb. Uzun müddətdir həkimlər psixoloji vəziyyətinə görə onu evdə müalicə edirlər. Bu səbəbdəndə evdə qala bilmir, kənddən çox uzaqda tanışlarının fermasında qalır. Ona çağırış vərəqəsi gəlməyib. İşlətdiyi telefon nömrəsinə İmişli rayon çağırış şöbəsindən SMS gəlməyib. Ona görə də o, həmin qərarı əsassız hesab edir. Digər tərəfdən, ona inzibati işə baxılacağı barədə heç bir məlumat verilməyib, işə onun iştirakı olmadan baxılıb, hüquqları pozulub. Ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi rəisinin qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 üzürlü səbəb olmadan çağrışa gəlmədiyinə görə İXMnin 606.3-cü maddəsinin tələblərini pozmuş və 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 üzürlü səbəb olmadan çağrışa gəlmədiyinə görə İXM-nin 606.3-cü maddəsinin tələblərini pozmuş və 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X2 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, X2 münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 verdiyi şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırışı alması sübuta yetirilməmişdir. Bu barədə inzibati orqan tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılovun xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılovun xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Orxan Mahmud