Məhkəmə qərarları › İş №3(036)-166/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-166/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-166/2025 23.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli RPŞ-nin YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, ailəli, orta təhsilli, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli İXP6842433 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli RPŞ-nin YPX inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs avtomobili İmişli şəhəri, Heydər Əliyev prospektində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, saxlanılarkən özünü qeyri-adekvat apardığı üçün narkotik vasitə təsiri altında olmasından şübhələmişlər, bu səbəbdən də müvafiq müayinəyə cəlb edilmişdir. Müayinə zamanı X1 narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X2 il ərzində anoloji xətaya təkrar yol vermişdir. Ona görə də tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilən halları, həmçinin Şəxs əməlini səmimi etiraf etməsini və peşmanlığını nəzərə alaraq onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir neçə gün bundan əvvəl narkotik vasitə qəbul etmişdir. Bu gün həmin vasitədən istifadə etməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında 23 yanvar 2025-ci il tarixli İXP6842433 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:23 radələrində Şəxs “KİA PRİDE” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri Heydər Əliyev prospektində idarə edərkən narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 301 saylı, xx.xx.2025-cü il tarixli aktdan görünür ki, həmin tarixdə sidik nümunəsində Şəxs metamfetamin istifadə etməsi aşkar edilmişdir (AMP). İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 600 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağkisiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar