Məhkəmə qərarları › İş №3(036)-1696/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1696/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1696/2025 04.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X6 qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik - leytenantı Elvin Abduləlizadənin 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mercedes - Benz E240” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində hərəkətdə olarkən barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş EQ 30082683 nömrəli qərarla o, 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Beləki, inzibati xəta xx.xx.2025-ci il tarixdə saat 10:56-da qeydə alınmış, lakin bir gün keçdikdən sonra xx.xx.2025-ci il tarixdə 12:56-da qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmiş və ona göndərilmişdir. X3 şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz E240” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində hərəkətdə olarkən barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş EQ 30082683 nömrəli qərarla o, 80 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş EQ 30082683 nömrəli qərarın mövcudluğundan avtomobili idarə edilməsinə qadağa qoyulduğundan sonra məlumatı olmuşdur. Hesab edir ki, o, xx.xx.2025-ci il tarixli, EQ 30082683 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini yuxarıda göstərdiyi əsaslara görə üzürlü səbəbdən ötürmüşdur Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik - leytenantı Elvin Abduləlizadənin 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilib şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayəti və vəsatəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir Məhkəmə şikayət vermiş şəxsi dinləyib və iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 (səksən) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik - leytenantı Elvin Abduləlizadənin 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İkinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; Üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik - leytenantı Elvin Abduləlizadənin 20 avqust 2025-ci il tarixli EQ 30082683 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar