Məhkəmə qərarları › İş №3(036)-173/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-173/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-173/2024 27.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində İmişli Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-yə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusunun göndərilməsini və ya alınmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin, nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə inzibati xəta haqqında protokolun surətinin təqdim edilməsi və ya rəsmi qaydada göndərilməsi ilə bağlı heç bir sübut əlavə edilməmiş və sözügedən protokolda bu barədə heç bir qeyd aparılmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hüquqi şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə Şəxs MMCnin barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı işin baxılmasının onun sələhiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materialların İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən halların mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş protokol düzgün tərti olunmadığından, toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 106-109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar