Məhkəmə qərarları › İş №3(036)-1859/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1859/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1859/2025 15.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızınınn sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmalqa, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon Bəhrəmtəpə bələdiyyəsində ictimai qaydanı pozmuş, nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu intizama dəvət edərkən onların qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri X2 xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nə müraciət edərək bildirmişdir ki, Bəhrəmtəpə qəsəbə sakini Şəxs bələdiyyənin inzibati binasına gələrək, onu söyərək alçaldıcı ifadələrlə təhqir etmişdir. Əliyev Ayhan İTB-nin polis sahə nəfərləri ilə ona təhkim olunmuş ərazidə xidmət apararkən İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin qarşısında bir nəfərin ucadan nalayiq söyüş söydüyünü görmüşlər. Əməkdaşlarla bir yerdə yaxınlaşıb vətəndaşı intizama dəvət etmişlər, lakin onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs barəsində dəfələrlə inzibati xəta haqqında protokol tərtib olunmuş, anasına qulluq etməsi səbəbilə barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Onun tərəfindən əsassız olaraq dəfələrlə 102 xidmətinə zənglər edilmişdir. Yalnız 2025-ci ildə 800 dəfə 102 xidmətinə zəng etmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə İmişli rayon Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin qarşısında nalayiq ifadələrdən istifadə etmişdir. Belə ki, həyətlərini yağış yağan zaman su basır və xəstə anası həmin hava şəraitində həyətdə hərəkət edə bilmir. Dəfələrlə həmin bələdiyyəyə şikayət etsə də, buna baxılmamışdır. Dəfələrlə “102” çağrı mərkəzinə zəng etmiş və öz narazılığını dilə gətirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin qarşısında ictimai qaydanı pozmuş, nalayiq söyüşlərdən istifadə edib polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri X2 xx.xx.2025-ci il tarixdə İmişli RPŞnə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bəhrəmtəpə qəsəbə sakini Şəxs bələdiyyənin inzibati binasına gələrək, onu söyərək alçaldıcı ifadələrlə təhqir etmişdir. Bu hal onun əhali və işçilərinin arasında nüfuzunu aşağı salmışdır. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, İmişli RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3, İTB-nin polis sahə nəfərləri, polis baş serjantı X6 və polis baş serjantı X4 ilə birlikdə ona təhkim olunmuş xidməti ərazidə xidmət aparakən, bir nəfər şəxsin ucadan nalayiq ifadələrlə söyüş söydüyünü aşkar etmişlər. Yaxınlaşıb həmin şəxsi intizama dəvət edərkən, o onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra həmən şəxsin İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Şəxs olduğunu müəyyən etmişlər. Şəxs İmişli RPŞ-nə ünvanlanmış izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə gedərək orda bələdiyyə sədrinin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan əlavə, sərxoş vəziyyərtdə DİN-in 102 xidmətinə dəfələrlə zəng edib nalayiq ifadələr işlətmişdir. Etdiyi əməllərdən peşmandır. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 dekabr 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar