Məhkəmə qərarları › İş №3(036)-1866/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1866/2025

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1866/2025 04.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə İmişli Rayon Məhkəməsinin müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci tarixdə ona məlum olmuşdur ki, barəsində BNA ******* saylı, xx.xx.2022-ci il tarixli qərar çıxarılmışdır. Qərarı xx.xx.2025 tarixdə BDYPİ-dən almışdır. Qərarda göstərilir ki, guya İXM-in 346.1-ci maddəsi üzrə təqsirlidir, inzibati xəta hadisəsi Bakı şəhərində baş vermişdir. O, xx.xx.1952-ci ildə anadan olmuşdur, 73 yaşı var, müxtəlif xəstəliklərdən, o cümlədən ağır ürək xəstəliyindən əziyyət çəkir, heç vaxt sürücülük vəsiqəsi olmayıb, avtomobil idarə etməmişdir. Hər hansı inzibati xətaya yol vermədiyi halda cərimələnməyi qanunsuzdur. Qeyd edilənlərə əsasən qərarın daha əvvəl ona təqdim edilməməsi nəzərə alınmaqla, şikayət müddətinin bərpa edilməsi, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, X1 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə X1nın və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını, o cümlədən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarı hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə və İXM-nin 6-cı maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə əsasən, dövlət orqanları (vəzifəli şəxslər) yalnız qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Bu o deməkdir ki, hər hansı bir inzibati orqanın inzibati xəta haqqında iş üzrə icraatı aparmaq və yekun qərar qəbul etmək səlahiyyəti ona birbaşa qanunvericilik aktı ilə verilməlidir. Səlahiyyət həddinin aşılması ilə və ya səlahiyyəti olmayan bir orqan tərəfindən qəbul edilmiş istənilən akt, hüquqi nöqteyi-nəzərdən etibarsızdır. İXM-nin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) ümumi dairəsini müəyyən edir. Lakin konkret inzibati xətalara dair işlərə hansı orqanın baxmalı olduğunu müəyyən edən əsas normativ hüquqi akt “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır. Həmin Fərmanın 5-ci hissəsi İXM-nin müxtəlif maddələri üzrə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürür. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar İXM-nin 346.1-ci maddəsinin (dayanma və ya durma qaydalarının pozulması) tələblərinin pozulması faktı üzrə qəbul edilmişdir. Fərmanın qərarın qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyasının 5.1-ci bəndinə əsasən, İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti müstəsna olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanda Bakı Nəqliyyat Agentliyinə İXM-nin 346.1-ci maddəsi üzrə inzibati xəta haqqında işlərə baxmaq və tənbeh tətbiq etmək səlahiyyəti verilməmişdir. Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri həmin dövr üçün əsasən parklanma qaydalarının pozulması ilə bağlı olan İXM-nin 346-1-ci maddəsini əhatə edirdi. Göründüyü kimi, Bakı Nəqliyyat Agentliyi xx.xx.2022-ci il tarixdə X3 barəsində İXMnin 346.1-ci maddəsi ilə qərar qəbul edərkən, öz səlahiyyət hədlərini aşmış və qanunvericiliklə ona verilməmiş bir səlahiyyəti tətbiq etmişdir. Səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilmiş inzibati akt, onun qəbul edildiyi andan etibarən hüquqi qüvvəyə malik deyil və heç bir hüquqi nəticə yaratmır. Bu, inzibati icraatın fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır və qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə müəyyən edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi üçün qanunsuzdur. Bu, İXM-nin 135.1.5-2-ci maddəsinə (inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi) əsasən həmin qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Beləliklə, məhkəmə X2 şikayətini tam əsaslı hesab edir və onun təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar