Məhkəmə qərarları › İş №3(036)-1896/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1896/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1896/2025 16.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1961-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "X21 Xidməti" publik hüquqi şəxsi “X13 İstismarı İdarəsi”nin rəisi vəzifəsində işləyən, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: 14HBKTL) X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X19 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsinə əsasən 10000 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X19 şikayət ərizəsində göstərmişdir ki, qərarın yazılmasına əsas kimi guya 30 sentyabr 2025-ci il tarixində saat 11:00-da X20 mühafizə bəndində Azərbaycan Dövlət Su X7 Su Meliorasiya Xidməti PHŞ X13 İstismarı İdarəsinin əməkdaşları tərəfindən aparılan təmir-bərpa işləri zamanı bioloji inkişafda olan 46 ədəd yulğun kolunun texnikalar vasitəsi ilə kökündən çıxarılaraq məhv edilməsi faktı olmuşdur. 30 sentyabr 2025-ci il tarixində X26nda idarə əməkdaşları tərəfindən aparılan təmir-bərpa işləri zamanı yaşıllıqların mühafizəsi maksimum dərəcədə gözlənilmiş və heç bir yaşıllıq məhv edilməmişdir. Bütün bunlara baxmayaraq, qanunsuz olaraq heç bir əsas olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalı olduğu halda, hazırkı işə onların iştirakı olmadan baxılmışdır. Eyni zamanda sözügedən qərarın sürəti onlara gec təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X19 şikayətin mahiyyətinə uyğun çıxış edərək izahatında göstərmişdir ki, o, X13 İstismarı İdarəsinin rəisi vəzifəsində çalışır. 30 sentyabr tarixində suyun lildən təmizləmə işləri aparılan zaman onlar tərəfindən heç bir kolun çıxarılması halına yol verilməmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati araşdırma aparılarkən onların iştirakı ümumiyyətlə təmin edilməmişdir. Onların iştirakı ilə əraziyə baxış keçirilməsi üçün bir neçə dəfə idarəyə yazılı müraciət etmiş və onun idarəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilməsini xahiş etmişdir. Bu məqsədlə idarənin əməkdaşı Şahid2 iştirakı ilə 20 noyabr 2025-ci il tarixdə əraziyə baxış keçirilən zaman Paşayev Əlisafaya aktın tərtib edilməsinə ehtiyacın olmadığı, gedə biləcəyi bildirilmişdir. Daha sonra isə onun barəsində qanunsuz, qərəzli qərar qəbul edilmişdir. Eyni zamanda, Şahid1 facebook sosial şəbəkəsində özünə məxsus hesabında videoları olmuş, protokol tərtib edilməsindən əvvəlki tarixlərdə qeydə alınmış videolarda onu- Qasım Qasımovu cərimə etdirəcəyini bildirmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs qanunsuz və əsassız qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, araşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə 16 sentyabr 2025-ci il tarixdə Şahid1 müraciətinə əsasən başlamışdır. Müraciətdə bildirilmişdir ki, Muğan-Salyan sutullayıcı kollektorla Cənub-Muğan kollektorlarının qovuşduğu yerə külli miqdarda torpaq doldurularaq bənd vurulmuşdur, o cümlədən, Cənub-Muğan kollektorunun təmizlənməsi işində kobud səhvlər edilərək yaşıllıqlar korlanaraq məhv edilmişdir. Bundan iki həftə sonra araşdırma aparılması üçün xx.xx.2025-ci il tarixdə idarənin əməkdaşları həmin yerdə olmuşlar. O, həmin gün orda olmadığından protokolun tərtibindən məlumatlı deyildir. Məhz 10000 manat cərimənin hansı səbəbdən tətbiq olunduğunu bilmir. 2019-cu il tarixli Nazirlər Kabinetinin 513 saylı qərarına əsasən şirin su kollektorlarında, tikinti və digər yerlərdə yaşıllıqların götürülməsi barədə heç bir icazə sənədi tələb olunmurdu. 2024-cü ildə isə bu qərarda dəyişiklik edilmiş, “Yaşıllıqların götürülməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarının 2.2-ci bəndinə 2.12-ci bəndi əlavə olunmuşdur. Həmin qərarda melorativ kollektorlarda yaşıllıq götürülməsi zamanı yalnız yaşıllıqların götürülməsi vərəqinin tələb olunmaması göstərilmişdir. Yaşıllığın götürülməsi vərəqinin tələb olunmaması Meliorativ kollektorların İstismarı idarələrinə aid edilmişdir. Qarşı tərəf “Yaşıllığın mühafizəsi haqqında” qanunun 10-cu, 13-cü maddəsinin tələbini və AR Nazirlər Kabinetinin 321 saylı qərarın 2.12-ci bəndinin tələbini pozmuşdur. Yaşıllığın götürülməsi zamanı X14 Agentliyinə müraciət edilməli və rəy alınmalı idi. Bununla bağlı qarşı tərəfə akt və protokolun tərtib olunması ilə bağlı məktub göndərilmişdir. Onlar qərarın yubanması və uzanması ilə bağlı ərizə vermiş və baxışın keçirilməsini istəmişlər. Əlisəfa müəllimin iştirakı ilə 1 ay sonra baxış keçirilmiş, həmin vaxt ərazinin tər-təmiz olduğunu görmüşlər. Qeyd edilən ərazidə kollektorun sol sərhədi boyunca təmizlənmiş ərazidən başqa, digər ərazilər yulğun kolları ilə əhatə olunmuşdur. Əlisəfa müəllimlə əraziyə baxış keçirilərkən 2 ədəd yulğun ağacının kökündən çıxarılaraq məhv olunduğu aşkar edilmişdir. Lakin bermada aparılan təmir bərpa işlərində bir ay müddətində məhv edilən yulğun kollarının kökündən cücərən yaşıllıqlar görünürdü. Müraciət ediləndən 2 həftə sonra ora getmişlər. Fotoşəkilləri onların nümayəndələri- müfəttişlər çəkmişlər. Sonda inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X19 barəsində qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, o, heç yerdə işləmir, hazırda işsizdir. Qasım Qasımovu idarə rəhbəri kimi tanıyır. Məhkəməyə təqdim edilən çəkilişləri çox edir. Bu işlə bağlı 4 dəfə- xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə həmin ərazidə olmuşdur (bununla bağlı şahid qeyd kağızı təqdim etmişdir). Kolların çıxarılmasının məhz həmin idarənin işçiləri tərəfindən edildiyini görməmişdir. İdarənin texnikalarını da həmin ərazidə görməmişdir. O, özünə məxsus videoları facebook sosial şəbəkəsində paylaşır. Belə işlərlə çox məşğul olur. O, sifarişli iş görmür. Başqa işi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın məsləhətçi müfəttişi Şahid3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixli aktın tərtib edilməsində Şahid1 və idarənin digər bir əməkdaşı-Xankişiyev Əsgər ilə birlikdə iştirak etmişlər. Xankişiyev Əsgər hazırda xəstəlikdən əziyyət çəkir. Aktın tərtib edilməsi zamanı orda onlardan başqa heç kim olmamışdır. Əraziyə baxış keçirilmiş, lakin həmin vaxt yulğun kollarının sayını hesablamamışlar. 20 noyabr tarixdə X8 iştirakı ilə əraziyə baxış keçirilən zaman həmin ərazidə artıq yulğun kolları olmamış, cəmi 2 kol qalmışdır. Bu səbəbdən həmin tarixdə akt tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 İstismarı İdarəsinin baş mühəndisi Şahid2 izahatında göstərmişdir ki, idarənin rəhbəri Qasım Qasımovun çoxsaylı müraciətlərindən sonra xx.xx.2025-ci il tarixdə Şahid3 və Nümayəndə ilə ərazidə olmuşlar. Ərazi tam təmiz vəziyyətdə olmuş, heç bir pozuntu halı müəyyən olunmamış, cəmi iki yulğun kolunun çıxarıldığının şahidi olmuşlar. O, Nümayəndə bu hallarla bağlı akt tərtib edilməsini təklif etmiş, Əliheydər müəllim isə aktın tərtib olunmasına zərurət olmadığını bildirmişdir. Məhkəmə qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X19 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X19 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında potokoldan görünür ki, 30 sentyabr 2025-ci il tarixdə saat 11:00-da X20 mühafizə bəndində aparılan təmir-bərpa işləri zamanı bioloji inkişafda olan 46 ədəd yulğun kolunun texnikalar vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkarlanmışdır. Nəticədə vəzifəli şəxs X19 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 30 sentyabr 2025-ci il tarixdə saat 11:00-da X20 mühafizə bəndində aparılan təmir-bərpa işləri zamanı bioloji inkişafda olan 46 ədəd yulğun kolunun texnikalar vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkarlanmışdır. X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində vəzifəli şəxs qismində 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, qanunsuz olaraq 46 ədəd yulğun kolunu məhv etməsi nəticəsində təbiətə 3680 manat ziyan dəydiyi qeyd edilmişdir; 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X13 İstismarı İdarəsinə ünvanlanmış 07 oktyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Biləsuvar şəhər sakini Şahid1 “Muğan-Salyan su tullayıcı kollektorla Cənub-Muğan kollektorlarının qovuşduğu yerə külli miqdarda torpaq doldurularaq bənd vurulduğu, Cənub-Muğan kollektorunun təmizlənməsi işində kobud səhvlər edilərək yaşıllıqlar məhv edilməsi” ilə bağlı müraciəti İdarənin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı X26nda aparılan təmizlənmə işləri zamanı yaşıllıqların məhv edilməsi faktı aşkar edilmişdir. Faktla bağlı inzibati araşdırma başlanılmışdır. Araşdırmada iştirak edilməsi üçün xx.xx.2025-ci il tarixində saat 12:00-da 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlmək xahiş olunur. Qeyd olunan tarixdə işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə Qanunvericiliyin tələbinə əsasən işə iştirakınız olmadan baxılacaqdır; X19 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli məktubda göstərilmişdir ki, “X13 İstismarı İdarəsi Sizin 07 oktyabr 2025-ci il tarixli 3-14-42/2-561/2025 nömrəli məktubunuzda Biləsuvar şəhər sakini Şahid1 Muğan Salyan sutullayıcı kollektorla Cənub Muğan kollektorların qovuşduğu yerə külli miqdarda torpaq dolduraraq bənd vurduğu, X20 təmizlənməsi işində kobud səhvlər edilərək yaşıllıqlar məhv edilməsi ilə bağlı müraciəti idarənin əməkdaşları tərəfindən araşdırılmışdır. Bildiririk ki, Muğan Salyan sutullayıcı kollektoru X13 İstismarı İdarəsinin balansında deyildir, idarə tərəfindən həmin kollektorun qarşısı bağlanmamışdır. O cümlədən idarənin balansında olan X20 qarşısı biz tərəfdən bağlanmamışdır. Həmin kollektorun qarşısı son vaxtlarda Mahmudçala Dövlət qoruğunda su çatışmamazlığından, orda balıq və digər canlıların məhv olmaması üçün Muğan Salyan kollektorunun qarşısı bağlanaraq su verilmişdir. O cümlədən X20 qarşısı həmin vaxtlar onlar tərəfindən bağlanmışdır. X29 əks istiqamətdə axması və onlar tərəfindən boru atılaraq suyu nizamlamışlar. Bunların qarşısını almaq üçün Muğan Salyan kollektorun qarşısı açılmalıdır ki, X26na su daxil olmasın və kollektor normal şəraitdə öz axımını təmin etsin. X26nda lildən təmizləmə işləri aparılarkən ölkə X24 Əliyevin 21 may 2024-cü il 68 nömərli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin “Suvarma və kollektor drenaj şəbəkələrinin təmizlənilməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi vərəqi”-nə əsasən işlər aparılır. Digər məsələ X26nda lildən təmizləmə işləri aparılarkən koburd səhvlərə yol verilməsi, yaşıllıqların məhv edilməsi məsələsinə gəldikdə isə X20 bermasının qəzalı vəziyyətdə olunması ilə əlaqədar təmir işləri aparılarkən yaşıllıqların mühafizəsi maksimum dərəcədə gözlənilmiş və heç bir çoxillik bitkilər məhv edilməmişdir. Qeyd etmək istəyirik ki, kollektorun təmir bərpası zamanı uyğun mühəndis qaydalarına riyayət olunmuş, təmirin qeyri-düzgün aparılmasına iradı idarənin mütəxəssisləri, digər hala da tabe olduğumuz baş idarənin mütəxəssisləri bildirə bilər. Bildiridiyiniz “İradların” sizin əməkdaşlarınızla birlikdə yerində araşdırılmasını sizdən xahiş edirik; 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən xx.xx.2025-ci il tarixli məktubla X13 İstismarı İdarəsinin rəisi X11 müraciət olunaraq tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola əsasən inzibatı xəta haqqında işə baxılması üçün xx.xx.2025-ci il tarixdə saat 15:00-da, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına gəlməli olduğu bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər; 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər; 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir; 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir; 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir; 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır; 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir; 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır; 102.6-ci maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardandır; 253.3.3-cü maddəsinə əsasən su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. Məhkəmə yuxarıda istinad edilən işin faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən qərarın eyni zamanda protokolun tərtib edilməsi zamanı qanunvericiliyin normalarının tələblərinə qismən əməl edilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Ətraf mühitin mühafizəsi sahəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilir. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, qanunvericiyin göstərilən tələblərinə səlahiyyətli orqan tərəfindən əməl edilməmişdir. Belə ki, iş materialından görünür ki, inzibati xətanın törədilməsi faktının 30 sentyabr 2025-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, 30 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir və protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hüquqları və vəzifələri izah edilir. Həmçinin protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Belə ki, 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında potokolda inzibati xətanın törədildiyi vaxt 30 sentyabr 2025-ci il tarix qeyd edilsə də, inzibati xətanın məhz həmin vaxt törədilməsini təsdiq edən heç bir sübut iş materialına əlavə edilməmiş, həmçinin törədilməsi istinad edilən inzibati xəta barədə Şahid1 tərəfindən protokol tərtib etmiş səlahiyyətli orqana xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolun tərtib edilməsində iştirakı təmin edilməmiş, onun izahat vermək, həmçinin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməmişdir. Protokolda vəzifəli şəxs X9 imza etmədiyi qeyd edilsə də, məhkəmə iclasında X19 həmin protokolun tərtib edilməsində ümumiyyətlə iştirak etmədiyini, bu səbəbdən yazışmalarda onların iştirakı ilə araşdırmanın aparılmasını xahiş etdiyini bildirmişdir. Belə ki, X19 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə ünvanlanmış 07 noyabr 2025-ci il tarixli məktubda da göstərilmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2025-ci il tarixli məktubunda 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokola əsasən 30 sentyabr 2025-ci il tarixdə X26nda təmir bərpa işləri aparılan zaman 46 ədəd yulğunun kökündən çıxarılaraq məhv edildiyi bildirilmişdir. Protokol tərtib olunan zaman, nəticələrin əldə olunması zamanı, hadisələrin müşahidə olunmasında idarə olaraq X13 İstismarı İdarəsinin əməkdaşların iştirakı olmamışdır və heç bir sorğu verilməmişdir. Təmir işləri aparılarkən heç bir yulğun çıxarılmayıb. Araşdırma aparmaq üçün bir daha birlikdə yerində araşdırma aparılması xahiş edilmişdir. X19 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, X13 İstismarı İdarəsinin rəisi tərəfindən inzibati araşdırma aparılması zamanı onların iştirakı təmin edilməli olduğu halda, bununla bağlı 08 oktyabr 2025-ci il tarixli 3-53-2-130/2-190/2025 nömrəli və 07 noyabr 2025-ci il 3-53-2-130/2-218/2025 nömrəli məktublar (yuxarıda məktubların məzmunu açıqlanır) göndərilməsinə baxmayaraq, onların iştirakı olmadan protokol tərtib olunmasından narazılıq bildirilmiş, 20 noyabr 2025-ci il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X15 və X6 ilə X13 İstismarı İdarəsinin baş mühəndisi Şahid2 iştirakı ilə baş tutan yerində araşdırma üçün baxış zamanı isə akt tərtib olunmaması, heç bir pozuntu aşkar edilməməsinə baxmayaraq, bundan sonra 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinin qanunsuz olduğu, aidiyyəti qurumlara müraciət olunacağı bildirilmişdir. Bundan başqa, müəyyən olunur ki, inzibati araşdırma məhz Biləsuvar sakini Şahid1 şikayəti əsasında başlamışdır. Bunu məhkəmə iclasında qərar qəbul etmiş orqanın nümayəndəsi də təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və İD 32023 nömrəli müraciətin məzmunu ilə müəyyən olunur ki, Biləsuvar şəhər sakini Şahid1 16 sentyabr 2025-ci il tarixdə saat 11:52-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmiş və bildirmişdir ki, Muğan-Salyan su tullayıcı kollektorla Cənub-Muğan kollektorlarının qovuşduğu yerə külli miqdarda torpaq doldurularaq bənd vurulmuşdur və o cümlədən, Cənub-Muğan kollektorunun təmizlənməsi işində kobud səhvlər edilərək yaşıllıqlar korlanaraq məhv edilmişdir. Araşdırılması üçün bir və iki saylı regional ekologiya idarəsindən mütəxəssislərin göndərilməsini xahiş edir. Beləliklə, yazışmaların məzmunu ilə müəyyən olunur ki, inzibati araşdırma aparılması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X13 İstismarı İdarəsinin rəisi formal olaraq məlumatlandırılmış, inzibati araşdırma idarənin nümayəndələrinin iştirakı olmadan keçirilmiş və son olaraq 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə adı çəkilən sənədlərin məzmunu və proses iştirakçılarının izahatları, təqdim olunmuş videogörüntülərlə müəyyən etmişdir ki, inzibati araşdırmanın aparılması və Qasım Qasımova istinad edilən hüquqazidd əməllə bağlı qərarın tərtibi zamanı pozuntulara yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunan yazışmaların məzmunu ilə müəyyən olunur ki, əraziyə baxış nəticəsində xx.xx.2025-ci il tarixdə aparılan işlər zamanı yulğun kollarının çıxarılması halları müşahidə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 tərəfindən təqdim olunmuş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 ilk öncə xx.xx.2025-ci il tarixdə həmin ərazidə olmuş, Qasım Qasımov və X13 İstismarı İdarəsinin əməkdaşları barəsində tədbirlər görülməli olduğunu bildirmiş, yulğun kollarının çıxarıldığı görüntüləri təqdim etmişdir. Beləliklə müəyyən olunur ki, artıq yulğun kollarının çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixə aid videogörüntü mövcud olmuş, xx.xx.2025-ci il tarixdə isə bununla bağlı qaynar xəttə müraciət olunmuşdur. Şahid1 tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixə aid videogörüntülərə baxış zamanı isə şahid artıq çıxarılmış yulğun kollarının yerində yeni bitən kolların olduğuna istinad etmiş və onların da çəkilişi aparılmışdır. Yəni, Qasım Qasımov tərəfindən törədilməsi istinad edilən yulğun kollarının çıxarılması halı xx.xx.2025-ci il tarixə aid görüntülərdə ilk dəfə məlum olmuşdur. Həmin videogörüntülərin məzmunu ilə müəyyən olunur ki, kollektorun qarşısının bəndlə alınmasından şahid şikayət edir, aidiyyəti qurumlara müraciət edəcəyini bildirir. Halbuki artıq qeyd edildiyi kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokolda, qərarda hüquqazidd əməlin xx.xx.2025-ci ildə həyata keçirilən təmir-bərpa işləri zamanı baş verdiyi göstərilmiş, çoxsaylı yazışmalarda da məhz bu hal araşdırılmışdır. Yəni törədilməsi irəli sürülən inzibati xəta xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə ilk dəfə aşkarlanmış, Şahid1 tərəfindən Qasım Qasımov tərəfindən törədilməsi istinad olunan həmin əməl- 46 ədəd yulğun kolunun çıxarılmasının da həmin dövrə aid olduğu halı görüntülərlə və 16 sentyabr 2025-ci il tarixdə saat 11:52-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciətlə müəyyən olunmuşdur. Məhkəmə iclasında vəzifəli şəxs X19 izahatında sözügedən kollektorda təmir işlərinin onun idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə həyata keçirildiyini, xx.xx.2025-ci il tarixdə ümumiyyətlə təmizləmə işlərinin aparılmadığını bildirmiş və işlərin görülərkən orada heç bir yaşıllığa toxunulmamışdır. Məhkəmə dəymiş zərərin müəyyən edilməsi və onun ödənilməsinin tələb edilməsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin göstərilən normalarına əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Göstərilən normanın tələbləri də səlahiyyətli orqan tərəfindən pozulmuşdur. Belə ki, iş materialından aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətanın törədilməsi və ziyanın vurulması ilə razı olmamış, bu barədə səlahiyyətli orqanla danışıqlar aparılmışdır. İş üzrə vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olması aşkardır. Buna baxmayaraq, səlahiyyətli orqan inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxaraq səlahiyyətlərini aşmışdır. Halbuki, həmin halda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktla müəyyən olunur ki, 30.09-01.10 tarixində ETSN-nin 168 nörməli “Qaynar Xətt” xidmətinə daxil olmuş şikayət əsasında araşdırmalar aparılarkən aşağıdakılar aşkar edildi: Biləsuvar şəhər sakini Şahid1 şikayətində Muğan-Salyan sutullayıcı kollektorla X20 qovuşduğu yerə bənd vurulmasını, o cümlədən X20 təmizlənməsi zamanı yaşıllıqların korlanaraq məhv edildiyini bildirmişdir. Bununla əlaqədar araşdırma zərurəti yarandığından şikayətçi Şahid1 iştirakı ilə sözügedən yerlərə tərəfimizdən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, aidiyyəti təşkilatlarla razılaşdırılmadan Muğan-Salyan sutullayıcı kollektoru ilə X20 Neftçala rayonunun inzibati ərazisində birləşdiyi hissədə kollektorların mühafizə bəndlərinə müdaxilə olunaraq qazıntı işləri aparılmış, metal boruların yerləşdirilməsi zamanı ərazidə mövcud yaşıllıqların bir qismi məhv edilmişdir. Araşdırma müddətində şikayətçinin iştirakı ilə məhv olunmuş yaşıllıqların sayğısı aparılaraq məlum oldu ki, ümumilikdə 46 ədəd yulğun kolu kökündən çıxarılaraq məhv edilmişdir. Onu da qeyd edirik ki, Muğan-Salyan sutullayıcı kollektoru Baş Mil-Muğan Kollektorunun istismarı İdarəsinin, Cənub-Muğan kollektoru isə X13 İstismarı İdarəsinin balansında olmuş xidmət sahələrinə aiddir. Bundan başqa, qeyd olunan idarələr tərəfindən sözügedən kollektorların mühafizəsi, suların ötürülməsi və qazılması işləri həyata keçirilir. Araşdırma zamanı şikayətçi məlumat verərək bildirdi ki, kollektorlara mühafizə zonalarına müdaxilə olunması faktları əsasında 4 saylı X4 olmuş, araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən olundu ki, X1 X26 ilə Neftçala rayonunun ərazisində birləşdiyi hissədə mühafizə zolağına müdaxilə olunmuş, hidrotexniki qurğunun təyinatı dəyişdirilərək suyun istiqaməti aidiyyəti üzrə Xəzər dənizinə deyil, digər istiqamətə- Masallı rayonu ərazisinə yönəldilmişdir. Bu işlər aparılan zaman texnikalar vasitəsilə 46 ədəd kök üstə yaş halda olmaqla tam bioloji inkişafda olan yulğun kollarının məhv olması səbəbindən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13cü maddələrində göstərilən tələblər pozulmuşdur. Akta şikayətçinin izahatı və ərazinin fotoşəkilləri əlavə olunur. Akt iki nüsxədə tərtib olundu. Aktda onun 3 saylı RETSİ-nin məsləhətçi müfəttiş Şahid3, məsləhətçi müfəttiş Nümayəndə və Şahid1 tərəfindən imzalandığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 91101 saylı akta əlavə ilə dəymiş ziyanın hesabat cədvəli tərtib olunmuş, ziyan 3680 manat məbləğində hesablanmışdır. (46*80=3680) Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə ilk öncə həmin akt tərtib olunarkən onun həmin ərazidə olmadığını və aktın tərtib olunmasında iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında aktı imzalayan şəxslər sırasında Nümayəndə adı və imzasının olması səbəbləri araşdırılarkən isə Nümayəndə aktın tərtib olunmasında iştirak etdiyini bildirmişdir. Bunun əksinə olaraq, məhkəmə iclasında şahid qismində dindirilmiş məsləhətçimüfəttiş Şahid3 məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, akt tərtib olunan zaman orada o, Şahid1 və idarənin digər əməkdaşı Xankişiyev Əsgər iştirak etmişlər. Nümayəndə akt tərtib olunan zaman orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 akt tərtib olunan zaman Nümayəndə orada iştirak etdiyini bildirmişdir. Beləliklə, aktın tərtibatında iştirak edənlərin siyahısının dəqiq müəyyən edilməməsi, işdə iştirak edən şəxslərin ziddiyyətli izahatları həmin aktda qeyd olunanların həqiqiliyi şübhə altına alır ki, həmin halda qeyd olunan akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu halda akta əsasən yulğun kollarının çıxarılmasının həmin tarixə aid olması, kolların məhz X13 İstismarı İdarəsi tərəfindən aparılan təmizləmə işləri zamanı məhv edilməsi təsdiq oluna bilməz. Belə ki, mübahisələndirilən qərarda və məktublarda da, işlərin xx.xx.2025-ci il tarixdə aparılması, kolların həmin tarixdə məhv edilməsinə istinad olunsa da, inzibati araşdırmanın başlanmasına əsas olan Şahid1 müraciəti xx.xx.2025-ci il tarixdə olmuşdur. Halbuki həmin tarixdə təmizləmə işlərinə belə başlanmamış, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən isə bunun əksi ilə bağlı hər hansı dəlil- yəni kolların çıxarılmasının xx.xx.2025-ci il tarixdə məhz X13 İstismarı İdarəsi tərəfindən aparılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmənin suallarını cavablandıran şahid qismində dindirilmiş Şahid1 isə bildirmişdir ki, müntəzəm olaraq- iki gündə bir dəfə Nazirliyin 168 “Qaynar xətt xidmətinə” müraciət edir. Onun işi yoxdur. Nazirliyə bu məzmunlu çoxsaylı müraciətləri vardır. Bu şəkildə digər məhkəmələrdə də onun müraciətləri ilə araşdırmalar aparılır. Şahid1 tərəfindən təqdim olunmuş “fləşdisk” yaddaş qurğusuna baxış zamanı müəyyən olunmuşdur ki, həmin daşıyıcıda onlarla fayllar mövcuddur ki, həmin fayllarda oxşar məzmunlu videoçəkilişlər əksini tapmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, qərarda qeyd edilən yulğun kollarının sayı yalnız inzibati araşdırmanın başlanmasına əsas olan şəxsin bildirməsinə əsasən müəyyən olunmuşdur. Aktda qeyd edilsə də, yulğun kolları sayılmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli videogörüntülərə baxış zamanı qənaəti isə ondan ibarət olmuşdur ki, qoparılması istinad olunan kollar qurumuş vəziyyətdədirlər. Görüntülərdən həmin kolların nə zaman və kim tərəfindən məhv edilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır. İş materialına əlavə edilən sənədlərdən inzibati xəta hadisəsinin törədilməsi, törədilməsi ehtimal edilən inzibati xətanın barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X19 tərəfindən və ya X9 öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində törədilməsi, X9 təqsirini, həmçinin törədilməsi ehtimal edilən inzibati xəta nəticəsində vurulan zərərin miqdarını müəyyən etmək mümkün deyildir. Halbuki, həmin hallar qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəsidir. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar barədə sənədlər bir-biri ilə ziddiyyət təşkil edən, qanunsuz və əsassız, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin hüququların pozulması və təmin edilməməsi ilə toplanmışdır. İnzibati Xətalar Məcəlləsinin qeyd edilən normalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməli, hər hansı şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinə aidiyyəti, törədilməsi ehtimal edilən inzibati xətanın məhz X19 tərəfindən və ya onun öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində törədilməsini hərtərəfli araşdırmamış, məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə X9 törədilmiş inzibati xətaya aidiyyəti müəyyən olunmadığından, yaşıllıqların götürülməsi vərəqi, alınması tələb olunmayan icazələrin siyahısı ilə bağlı hissədə məhkəmə araşdırmasına lüzum görməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X9 inzibati xətanın törədilməsinə aidiyyətinin iş materialları ilə sübuta yetirilmədiyi, həmçinin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən X9 təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi, qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti müəyyən edilməmişdir . Bu səbəbdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qərar ləğv olunduğundan 3680 manat məbləğində dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbin də hüquqi əsası aradan qalxır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar