Məhkəmə qərarları › İş №3(036)-238/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-238/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-238/2023 17.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan “X2” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsi tərəfindən “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir ona görə ki, “X2” MMC xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən “DEF”-ə aid torpaq sahəsində dərin arx qazaraq torpağın münbit qatını korlamışdır. İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi X6 izahat verərək göstərdi ki, “X2” MMC xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən “DEF”-ə aid torpaq sahəsində dərin arx qazaraq torpağın münbit qatını korlamışdır. Bununla bağlı əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta əsasən, İmişli rayonu, Qaragüvəndikli kəndində X5 icarəsinə sənədlə 272 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, hazırda 350 ha torpaq sahəsindən istifadə edir və bununla kifayətlənməyib dərin kanal qazaraq İmişli rayonu, Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğlunun istifadəsində olan 30 ha torpaq sahəsinin 4.19 ha hissəsini ayıraraq özünün icarəsində olan torpaq sahəsinə birləşdirmişdir. Əraziyə keçirilən baxış zamanı X9 icarəsinə ayrılmış ümumi sahəsi 272 ha torpaq sahəsi ilə Vəliyev Xaqani Vəkil oğlunun istifadəsində olan torpaq sahəsinin arasında təxminən 1.8-2 metr enində, 1-1.2 metr dərinliyində və 450-500 metr uzunluğunda arx qazdırdığı müəyyən edildi. Eləcədə 272 ha torpaq sahəsindən əkin əkildiyi məlum olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan “X2” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmədə izahat verərək göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsi tərəfindən “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilir ki, “X2” MMC xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən “DEF”-ə aid torpaq sahəsində dərin arx qazaraq torpağın münbit qatını korlamışdır. İnzibati xəta haqqında iş inzibati orqan tərəfindən aparılarkən qanunvericiliyin normaları kobud surətdə pozulmuşdur. İnzibati xəta haqqında işin başlanmasına səbəb isə “X2” MMC-nin icarə götürdüyü torpaq sahəsinin qonşuluğunda torpaq istifadəçisi, Qaragüvəndikli kənd sakini Vəliyev Xəqani Vəkil oğlunun şikayəti olmuşdur. Həmin şikayət əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 27 dekabr 2022-ci il tarixdə əraziyə baxış keçirilmiş, ərazidə mövcud olan və şikayət mövzusu olan arxın təmizlənməsi nəticəsində 1 ədəd yulğun ağacının kəsildiyi müəyyən edilmiş, həmin qanun pozuntusunu törətmiş Habil İmanovun barəsində 253- 1.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X12 Vəkil oğlunun şikayətindən və törədilmiş inzibati xətaya dair tərtib edilmiş inzibati protokoldan bir ay keçəndən sonra, yəni 26 yanvar 2023-cü il tarixində ƏMDX-nin Beyləqan ərazi şöbəsinin əməkdaşları həmin əraziyə gələrək inzibati xətanı aşkar edirlər. Belə ki, nzibati orqanın əməkdaşları xx.xx.2023-cü il tarixdə hadisəni aşkar etsələr də, inzibati xəta haqqında protokolu isə xx.xx.2023-cü il tarixdə tərtib ediblər və protokol faktiki olaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. İnzbati xəta haqqında işin aparılması zamanı inzibati orqan hər hansı araşdırma aparmamış, həmin inzibati xətanın törədilməsinə dair fiziki şəxsin artıq məsuliyyətə cəlb olunduğunu müəyyən etməmiş, arxın təmizlənməsini əsassız olaraq torpağın üst münbit qatının korlanması kimi qələmə verməklə əsassız və qanunsuz protokol tərtib etmişdir. Odur ki, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İş materialları ilə müəyyən olur ki, “X2” MMC-nin nizamnaməsi 27 iyun 2012-ci il tarixdə təstiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışına əsasən “X2” MMC-nin istifadəsinə İmişli RİH-nin xx.xx.2013-cü il tarixli 10 saylı sərəncamına əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 01 saylı icarə müqaviləsi ilə 99 il müddətinə İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində 262.0 ha torpaq sahəsi verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərancamına əsasən “X2” MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq cəmiyyətə əkinçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan 10.0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmişdir. 3 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən müəyyən olunur ki, X7 tərəfindən texnika vasitəsi ilə qardaşı Asifə məxsus torpaq sahəsində qazıntı işləri apararkən 1 ədəd quru yulğun kolunu kökündən çıxararaq məhv etmişdir. Ona görə də X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 75877 nömrəli aktın surətindən görünür ki, X1 rayon Qaragüvəndikli kənd sakini Vəliyev Xəqani Vəkil oğluna məxsus torpaq sahəsində qanunsuz olaraq qazıntı işləri aparmış və bu zaman ərazidən iydə və yulğun kollarının çıxararaq məhv etmişdir. Aparılmış araşdırma zamanı X9 izahat verərək bildirmişdir ki, X10 aid əkin təyinatlı 262.0 ha torpaq sahəsini İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 10 saylı sərəncamına əsasən, 99 il müddətinə icarəyə götürdüyünü və həmin qazıntı işlərinin əkin sahəsində əmələ gələn qurunt sularının axıdılması üçün nəzərdə tutulduğunu bildirərək, həmin ərazilərin qardaşı Habilə həvalə etdiyini, bu səbəbdən də ərazidən çıxarılan yulğun və yaşıllıqlardan xəbəri olmadığını bildirmişdir. Sözügedən ərazinin 39.44.00 N 47.52.15 E koordinatlarında yerləşdiyi və ərazidə qazıntı işlərinin aparıldığı zaman 1 ədəd quru yulğun kolunun və 5 ədəd iydə kolunun çıxarılaraq ərazidən kənarda əkildiyi müəyyən edilmişdir. Bununlada, Habil İmanov tərəfindən Azərbaycan Respublikası Yaşıllıqların X4 tələblərinin pozulduğu aşkar olunmuşdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən, X7 tərəfindən texnika vasitəsi ilə qardaşı Asifə məxsus torpaq sahəsində qazıntı işləri apararkən 1 ədəd quru yulğun kolunu kökündən çıxararaq məhv etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitunun 33- 9/78 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, İmişli rayonun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən əkin sahəsinin kənarında olan kiçik arxın muhafizə zolağından kənara çıxmaması şərti ilə dərinləşdirilməsi sadəcə suvarma vaxtı suyun səviyyəsinin suvarılan torpaq səthinin həndəsi səviyyəsindən aşağ düşməsinə səbəb ola bilir. Bu da gələcəkdə suvarma işlərinin normal getməsinə maneə olacaqdır. Lakin ümumi sahənin torpağının münbitliyinin pozulmasına gətirib çıxarmayacaq. Əgər bu proses böyük miqyasda baş verərsə təbii ki gələcəkdə problem yarada bilərəcəkdir. Əkin sahəsindən kənarda yerləşən kollektorun dərinləşdirilməsi əslində ərazidə qrunt suyunun səviyyəsinin aşağı düşməsinə xidmət edir kı, buda gələcəkdə həmin ərazidə təkrar şorlaşmanın qarşısının alınmasına kömək edəcəkdir. Prinsipcə elmdə kollektorun dərinləşdirilməsi müsbət hal kimi qiymətləndirilir. Bu gün Azərbaycanda kollektorların təmizlənməsi və dərinləşdirilməsinə ciddi ehtiyac vardır. Ümumiyyətlə təcrübədə əkin sahələrinin kənarında, istər daxilində o l a n a r x l a r ı n dərinləşdirilməsi məsələsi yoxdur, çünkı kənardan gələn arxın dərinləşməsi həndəsi olaraq ondan aşağıda yerləşən arxlardan qidalanan digər arxların səviyyə hündürlüyünə təsir edəcək və suyun nizamlı hərəkəti pozulacaqdır. Hər il suvarmadan öncə suvarma sistemləri, kanalları, arxları öncəki ildən qalmış lillərdən, kənar çöküntülərdən təmizlənməlidir. Prinsipcə bu məsələ suvarma sistemi layıhə olunarkən nəzərə alınan mühəndis topoqraf işidir. Məqsəd suvarma arxlannda su itkisinə və irriqasiya eroziyasının qarşısının alınmasından ibarətdir. İstismar dövrü bu işlər yeni layihələrin həyata keçirilməsində nəzərdə tutulur. Əks halda arxların əsassız yerə dərinləşməsi gələcəkdə suvarma işinin keyfiyyətinin aşağ düşməsinə, sahədə gölcüklərin əmələ gəlməsinə, bir sözlə sahədə yer problemlərin (qrunt sularının qidalanması hesabına qrunt suyu səviyyəsinin yer səthinə yaxınlaşması) hesabına gələcəkdə münbit torpaqların bataqlaşmasına və təkrar şorlaşmasına səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 45/2-5686/2023 saylı mütəxəssis rəyindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən X10 aid “X2” MMC tərəfindən icarəsində olan torpaq sahəsinin qonşu torpaq istifadəçisinin sərhədi boyunca torpağın yararlı hala salınması məqsədilə ərazidə olan şor sularının axıdılması üçün uzunluğu 400 m, eni 2 m və dərinliyi isə 2 m olan arxın qazılması halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 3 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 27 dekabr 2022-ci il tarixdə əraziyə baxış keçirilmiş, ərazidə mövcud olan arxın təmizlənməsi nəticəsində 1 ədəd yulğun ağacının kəsildiyi müəyyən edilərək inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin qanun pozuntusuna görə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsindən bir ay keçəndən sonra, yəni 26 yanvar 2023-cü il tarixində ƏMDX-nin Beyləqan Ərazi Şöbəsinin əməkdaşları həmin əraziyə gələrək inzibati xətanı aşkar etmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Həmin halın mövcud olması “X2” MMC tərəfindən icarəsində olan torpaq sahəsinin qonşu torpaq istifadəçisinin sərhədi boyunca torpağın yararlı hala salınması və ərazidə olan şor sularının axıdılması məqsədinə xidmət edir. İnzbati xəta haqqında işin aparılması zamanı inzibati orqan tərəfindən hər hansı araşdırma aparılmamış, həmin inzibati xətanın törədilməsinə dair fiziki şəxsin artıq məsuliyyətə cəlb olunduğunu müəyyən etməmiş, arxın təmizlənməsi əsassız olaraq torpağın üst münbit qatının korlanması kimi qələmə verilməklə qanunsuz protokol tərtib edilmişdir. “X2” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verib, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, “X2” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar