Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-247/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, şikayət vermiş şəxs Babaşov Vurğun Sitam oğlu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X2 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından Babaşov Vurğun Sitam oğlu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Babaşov Vurğun Sitam oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X2 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. Babaşov Vurğun Sitam oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Babaşov Vurğun Sitam oğlu şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müdafiə etdi və göstərdi ki, Sabirabad rayon Prokurorluğunun inzibti xəta haqqında iş üzrə icraata başlanması barədə 02.03.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mil-Muğan şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə əsasən 15.03.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-də təsisçi olduğu üçün 3000 manat cərimə olunmuşdur. X6 Nazirliyi tərəfındən Azərbaycandan ixrac olunan pomidora 10.12.2020-ci il tarixdən məhdudiyyətlər qoyulduğu üçün digər istixanalarda olduğu kimi, “Greener" MMC-də ilk əkində 2021-ci ilin yay aylarında böyük zərərlərlə üzləşmişdir. Məhz bu səbəblərdən də müəyyən vaxtlarda müvafiq xərcləmələrdə, o cümlədən işçilərin əmək haqlarının verilməsində kecikmələr olmuşdur. 11.11.2021 -ci il tarixdə də "xxxx" MMC-də podrat müqaviləsi ilə işləyən Xanışova Samirənin həyat yoldaşı X12 İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək bildirmişdir ki, onun həyat yoldaşının əmək haqqı gecikdirilmişdir. Elə həmin gün, yəni 11.11.2021-ci il tarixdə Samirə Xanışova xidmət haqqını şirkətdən təmamilə almış və onun həyat yoldaşı təkrarən 102 xidmətinə zəng edərək əmək haqqının təmamilə alındığını və heç bir şikayətinin olmadığını bildirmişdir. Material polisdə işə alınmış və Sabirabad ravon prokurorluğuna göndərilmişdir. Rayon prokurorluğunda heç bir əsas olmadan qərəzli olaraq həmin iş üzrə yenidən araşdırma başlanmışdır. Samirə Xanışova ilə təsisçisi olduğu “Greener" MMC 24.04.2021-ci il tarixdə 8 aylıq podrat müqaviləsi bağlamış və rüblər üzrə bəyənnamələri vergi xidmətinə təqdim edərək, hesablanmış müvafiq ödənişlər bank vasitəsi ilə köçürülmüşdür. Həmçinin həmin bəyənnamələr müvafıq podrat müqaviləsini Vergilər Xidmətinin portalına daxil edilməklə verilmişdir. Həmin portal Azərbaycan Respublikası qanunları əsasında tərtib olunmuş vahid bazadır. Əgər hər hansı bir qanunsuzluq müəyyən olunarsa, həmin baza müvafıq bəyənnamələri qəbul etmir. Əgər vergi xidmətinin əməkdaşının səhvi ucbatından qəbul edilibsə belə, buna "xxxx" MMC heç bir məsuliyyət daşımır. S.Xanışova ilə "Greener” MMC arasında bağlanmış podrat müqaviləsinin müddəti bitdikdən sonra Sabirabad rayon prokurorluğu bir araşdırma üzrə iki fərqli qərar qəbul etmiş, bir qərar üzrə araşdırmanın nəticəsinin "xxxx" MMC-nin təsisçisi olaraq onun vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İXM-nın 192.1 maddəsi ilə inzibati xəta üzrə icraat başlanması üçün qərarın X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə digər fərqli qərarı isə “Greener" MMC-nin hüquqi şəxsinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsi ilə inzibati xəta tədbiri tətbiq olunması üçün Sabirabad rayon Məhkəməsinə göndərmişdir. Qərarın qərəzli qəbul edilməsi bundan görünür ki, bir araşdırma üzrə qəbul edilmiş qərarlar fərqlidir. X8 Xidmətinin İmişli regional ərazi şöbəsi 15.03.2022-ci il tarixli MN1064629 saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İXM-nın 192.1 maddəsinə əsasən 3000 (üç min) manat cərimə tətbiq olunmuşdur. O, "xxxx" MMC-də təsisçidir, lakin şirkətin idarə işləri ilə rəsmi olaraq heç bir aidiyyəti yoxdur. Rayon Prokurorunun mənimlə şəxsiqərəzliliyi nəticəsində barəsində inzibati icraat aparılmış, 21.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərəzli qərar çıxarılaraq X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərilmişdir. Həmin qərar üzrə müəyyən uyğunsuzluqlar olduğu üçün qərar geri rayon prokurorluğuna qaytarılmışdır. Rayon prokurorluğu isə qərarda formal dəyişikliklər edərək yenidən 02.03.2022-ci il tarixdə X8 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərmiş və nəticə etibarı ilə o, 3000 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, əmək müfəttişliyinin qərarı qanunsuz və əsassızdır. Odur ki, həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X2 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Babaşov Vurğun Sitam oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilərək 3000 manat məbləğində cərimə etmişdir. İşdə olan Sabirabad rayon prokurorunun 02 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC-nin təsisçisi Babaşov Vurğun Sitam oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır ona görə ki, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi X3 müəyyən işləri (xidmətləri) yerinə yetirməsinə cəlb etmişdir. Sabirabad rayon prokurorunun 02 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, X8 Xidmətindən daxil olmuş məktuba əsasən işçi X5 ilə işəgötürən Babaşov Vurğun Sitam oğlu arasında 23 dekabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır, Babaşov Vurğun Sitam oğlu əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi X3 müəyyən işləri (xidmətləri) yerinə yetirməsinə cəlb etmişdir. Qeyd olunan əsaslara görə hesab edilmişdir ki, Babaşov Vurğun Sitam oğlu inzibati xəta hadisəsi törətmişdir, ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmalıdır. Məhkəmə hesab edir ki, Babaşov Vurğun Sitam oğlunun əməlində hər hansı inzibati xətanın tərkib hissəsi yoxdur və barəsində tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 ilə Babaşov Vurğun Sitam oğlu arasında 24 aprel 2021-ci il tarixdə 1 (bir) il müddətinə podrat müqaviləsi bağlanmış və X5 əmək müqaviləsi bağlandığı günədək qüvvədə olmuş podrat müqaviləsi əsasında çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunur ki, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin məzmunundan da açıq şəkildə görünür ki, əgər işçiyə əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu edilməmişdirsə və ya həmin işləri yerinə yetirməyə məcbur edilməmişdirsə, işçinin hər hansı işi yerinə yetirməyə könüllü olaraq cəlb edilməsi inzibati xəta tərkibi yaranmır. Eyni zamanda nəzərə almaq lazımdır ki, inzibati xəta haqqında iş üzrə X1 məcburi əməyə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur, o cümlədən işə götürənlə aralarında əmək müqaviləsi bağlanmazdan əvvəlki dövr üçün aralarında bağlanmış podrat müqaviləsi qüvvədə olmuşdur ki, həmin müqavilə üzrə isə ödənilməyən əmək haqqına görə yaranmış mübahisəyə məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Babaşov Vurğun Sitam oğlunun əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.. Beləliklə, məhkəmə hesab edir ki, Babaşov Vurğun Sitam oğlunun əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X2 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X2 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-247/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-247/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver