Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-25/2025 07.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələbini qəsdən pozmamışdır. 18 dekabr 2024-cü il tarixdə saat 12:30 radələrində X2 məxsus olan “VAZ 21705” minik markalı **-CO-*** nömrə nişanlı avtomaşınla İmişli şəhəri Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydalarını pozduğuna görə Heydər Əliyev prospektində qanunsuz quraşdırılmış “DC1B8C1D82D1C328” nömrəli müşahidə kamerası ilə qayda pozduğu aşkar edilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd olunan qayda pozuntusu 18 dekabr 2024-cü il tarixdə saat təxminən 13:30 radələrində olmasına baxmayaraq İnzibatı tənbeh vermə haqqında elektron qərarda qayda pozuntusunun vaxtı 18:46 olaraq qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. İzahatında bildirdi ki, qaydanı pozmuşdur, lakin xəta qanunsuz quraşdırılmış xüsusi texnika vasitə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərardan və hadisənin baş vermə təfərrüatlarını əks etdirən fotoşəkillərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə İmişli şəhəri Heydər Əliyev prospektində “VAZ 21705” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25118083 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-25/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-25/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver