Məhkəmə qərarları › İş №3(036)-26/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-26/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-26/2025 06.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon polis Şöbəsinin DYPB-nin YXP inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri, Q.Nəbi küçəsi, ev 14 ünvanında qeydiyyatda olan və İmişli şəhəri, Q.Nəbi küçəsi, ev 14 ünvanında qeydiyyatda olan və yaşayan (fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP6796651 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da sürücülük hüququ olmadan Heydər Əliyev prospektində “VAZ 2106” minik markalı **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün eləcə də nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanılmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olan dəyişikliklər etdiyi üçün DYPB-nın əməkdaşları tərəflərindən sayrışan işiq cihazları və səs gücləndirici vasitəsi ilə saxla işarəsi verilmişdir. Şəxs dəfələrlə verilən işarələrə tabə olmayaraq şəhərin müxtəlif küçə və prospektlərinə daxil olaraq öz hərəkətini davam etdirmişdir. Lakin Şəxs ona verilən işarələrə tabe olmayaraq hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinə təhlükəli vəziyyətlər yaradaraq həməm avtomobilləri sağdan ötmə əməliyyatları apararaq ictimai qaydanı və əhalinin dincliyini pozmuşdur. Məhkəmə iclasında iştirak edən İmişli rayon polis şöbəsinin DYPB-nin YXP inspektoru, polis baş serjantı Elvin Nəhmədov tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, qeyd edilən əməllərə yol vermişdir, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 2106 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman ona yol polis əməkdaşı saxla işarəsi vermiş, verilən işarələrə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatları, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş flash kartda olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “VAZ 2106 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman ona yol polis əməkdaşı saxla işarəsi vermiş, sayrışan işıq cihazları və səs gücləndirici vasitəsi ilə verilən işarələrə qəsdən tabe olmayaraq hərəkət sürətini artıraraq şəhərin müxtəlif küçə və prospektlərinə daxil olaraq hərəkətdə olan digər avtomobillərə sağından ötmə əməliyatı apararaq İmişli şəhəri, Q.Nəbi küçəsində yerləşən 5 mərtəbə yaşayış kompleksinə daxil olaraq orada olan piyadaçıların həmçinin digər sakinlərin həyatına real təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yol hərəkət qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Vətən müharibəsi iştirakçısı olmasını və əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh növü olan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmasını ona görə tətbiq etmir ki, şəxsin sürücülük hüququ yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən xüsusi hüququn məhdudlaşdırılması növündə təhbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsi mümkündür. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar