Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-266/2023 28.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsi "xxxx" MMC-nin barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC-nin icarəsinə ayrılmış dövlət fondu qış otlaqlarında əkin və şum işləri aparılaraq təyinatdan kənar istifadə olunmağına görə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək, "xxxx" MMC-nin heç bir təqsiri olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş nateriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən icarəsinə ayrılmış torpaq sahəsinin təxminən 1200-1300 hektarında buğda bitkisi əkildiyi və 250-300 hektarında isə şum işləri aparıldığı müəyyən edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 194 ömrəli sərəncamına əsasən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun Sarıxanlı və Əliqulular kəndi yaxınlığındakı 59 saylı dövlət fondu torpağından 645 ha, 60 saylıdan 223 ha, 61 saylıdan 643 ha, 62 saylıdan 410 ha, 63 saylıdan 455 ha, 64 saylıdan 359 ha, 67 saylıdan 312 ha, 68 saylıdan 579 ha, 69 saylıdan 380 ha, 70 saylıdan 397 ha, 78 saylıdan 97 ha, cəmi 4500 ha, Məmmədli və Ağaməmmədli kəndləri yaxınlığında İmişli-Kürdəmir avtomobil yolunun sağında yerləşən 36 saylı dövlət qış otlaq fondundan 526 ha, solunda yerləşən 16/19 saylı, 56/24 saylı, 90/60 saylı, 14/20 saylı dövlət qış otlaq fondlarından 974 ha, cəmi 6000 ha torpaq sahəsi müvəqqəti istifdadə hüququ ilə ayrılıb icarəyə verimişdir. xx.xx.2016-cı il tarixli, 25 saylı “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, 6000 ha torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. "xxxx" MMC-nin nizamnaməsi xx.xx.2016-cı ildə təsdiq olunmuşdur. “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamə ilə müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2016-cı ildə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 100. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Maddə 101. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Maddə 111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Maddə 247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi olan inzibati iş üzrə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100 və 101-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 194 ömrəli sərəncamı və xx.xx.2016-cı il tarixli, 25 saylı “Torpaq icarəsi müqaviləsi” qüvvədə olmaqla mübahisələndirilməmişdir. Həmin sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC-nin kənd təsərrüfatı ilə məşğul olmaq hüququ vardır. Eyni zamanda, İnzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmədə vermiş olduğ izahatı ilə müəyyən olur ki, qeyd olunan torpaq sahəsi faktiki surətdə Cəmiyyətin sahiblik və istifadəsində olmayıb, əvvəlki torpaq istifadəçilərinin istifadəsində olmaqla, tərəflərin arasında mübahisə predmetidir. Həmin hallar işin araşdırılmamış hallarıdır. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə hüquqi şəxsin hüquqazidd əməli, təqsirliliyi sübuta yetirilmədiyindən inzibati məsuliyyətə cəlb oluna bilməz və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-266/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-266/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver