Məhkəmə qərarları › İş №3(036)-289/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-289/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-289/2021 03.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən göndərilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aidiyyat və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilərək, İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşayış yeri “İmişli rayonu” ərazisi deyil, “İsmayıllı rayonu, Pirəbilqasım kəndi” ünvanıdır. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə deyil, müəyyən müddət keçdikdən sonra-29 may 2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilmədən, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş İXP ******* №-li, 14 may 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar