Məhkəmə qərarları › İş №3(036)-303/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-303/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-303/2022 20.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti 136-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(036)- 2216/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məkhəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(036)-2216/2020 saylı icra sənədinin icrasından boyun qaçırmır, maddi imkanı daxilində tələbkara hər ay 250-300 manat aralığında aliment ödəyir. Eyni zamanda icra sənədinin icrasının təmin edilməsi məqsədilə alimentin tutulması onun əmək haqqına da yönəldilmişdir. İcra sənədini bu günədək maddi imkanı çərçivəsində hər ay davamlı olaraq icra edir. Lakin əvvəllər işləmədiyindən və maddi gəliri olmadığından tələbkara 2343 manat aliment borcu yaranmışdır. Hər ay aliment məbləğini artıq ödəməklə iddiaçıya qalan borcunun da ödənilməsini təmin edəcəkdir. O, məhkəmənin icra sənədini hər ay icra etdiyinə görə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, İmişli Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(036)-2216/2020 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay ümumilikdə 340 manat məbləğində aliment tutulub tələbkar X2 xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə 2343 manat borcu yaranmışdır. Ona görə də tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu tələbkarın xeyrinə ümumilikdə 4117 manat aliment ödənilmiş, hər ay 250-300 manat ödəməkdə davam edir, bundan əlavə, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi alimentin tutulması onun əmək haqqına da yönəldilmişdir. Hazırda borclunun tələbkara 2343 manat məbləğində borcu qalmışdır, həmin borcu ödəməkdən yayınır. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmədə borclu Şəxs İmişli Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(036)-2216/2020 saylı icra sənədini icra etməməsi halları müəyyən edilmədi. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, borclu hər ay tələbkarın xeyrinə 200-300 manat aliment ödəməklə icra sənədinin icrasını davam etdirir. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2. maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar