Məhkəmə qərarları › İş №3(036)-306/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-306/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-306/2021 02.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu: X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxx 1996-cı ildə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən İmişli Rayon Məhkəməsinin 2(036)- 1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs 1950 (min doqquz yüz əlli) AZN məbləğində pulu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunu tələbkar X2 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən 1950 (min doqquz yüz əlli) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Onu da qeyd edir ki, borclu Şəxs pul borcunu məhkəmə prosesi zamanı tələbkar X2 xeyrinə tam ödəmişdir. Hal-hazırda İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 02 iyul 2021-ci il tarixə ödənilməmiş pul borcu yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən borclu Şəxs barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, İmişli rayonu, Otuziki kəndində yaşayır və heç bir yerdə işləmir. O, bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş pul borcunu hər ay vaxtı-vaxtında tələbkar X2 xeyrinə ödəyə bilməmişdir. Bununla yanaşı, o, məhkəmə prosesi zamanı tələbkar X2 xeyrinə pul ödənişini tam həyata keçirmişdir. Bütün bunlara baxmayaraq, hesab edir ki, məhkəmənin icra vərəqəsini bu günədək icra etməməsində onun heç bir qərəzi olmamışdır. Ümumiyyətlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam və vaxtında icra edilməli olduğunu tam məsuliyyəti ilə dərk edir. Bütün bunları nəzərə alaraq, barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasən 1950 (min doqquz yüz əlli) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan MN ******* №-li, 17 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan 216993 №-li, 02 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən üzrə borclu Şəxs tələbkar X2 xeyrinə pul borcunu tam ödəmiş və onun 02 iyul 2021-ci il tarixə ödənilməmiş pul borcu yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədinə əsasən inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı müddət ərzində tələbkarın xeyrinə pul ödənişinin tam həyata keçirilməsi və halhazırda onun ödənilməmiş pul borcunun olmaması məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirməməlidir. Belə ki, məhkəmə borclu Şəxs icra sənədinin icrası istiqamətində konkret mövqeyini, icradan imtina etməməsini və pul ödənişini həyata keçirməsini onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qəbul etmir və onun hərəkətlərini qərəzli hesab etmir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar