Məhkəmə qərarları › İş №3(036)-341/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-341/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-341/2021 04.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayhan Elnur oğlunun katibliyi ilə İmişli Rayon Xəlfəli Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən İmişli Rayon Xəlfəli Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslanıdırılmışdır ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsinin mütləq təqdim olunan 06 saylı, 29 iyun 2021-ci il tarixli iclas protokolunda göstərilən aktlarının surəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdən gec, 06 iyul 2021-ci il tarixdə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxs Şəxs iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli “protokol”un surətindən görünür ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsi tərəfindən 29 iyun 2021-ci il tarixdə 11 (on bir) nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirilmiş və 1. İmişli Regional İdarəsinin 21 iyun 2021ci il tarixli, 63 saylı tövsiyə məktubu müzakirə edilmişdir. 2. Bundan başqa İmişli Regional İdarəsinin 22 iyun 2021-ci il tarixli H-341 saylı tövsiyə xarakterli məktubu müzakirə edilmişdir. İş materiallarında olan MN № 1063351, 12 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsinin mütləq təqdim olunan 06 saylı, 29 iyun 2021-ci il tarixli iclas protokolunda göstərilən aktlarının surəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdən gec, 06 iyul 2021-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan “İmişli MXŞ” tərəfindən müvafiq qaydada təsdiq edilmiş 06 iyul 2021-ci il tarixli “zərf”in surətindən görünür ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsi tərəfindən mütləq təqdim olunan aktlarının surəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə 06 iyul 2021-ci il tarixdə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsinin sədri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs (vergi ödəyicisi olan fiziki şəxs) Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. (Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İmişli Rayon Xəlfəli Bələdiyyəsinin sədri (vəzifəli şəxs) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar