Məhkəmə qərarları › İş №3(036)-357/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-357/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-357/2021 03.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Bül-Bül küçəsi, ev 23-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 332.1 və 332.4-cü maddələri ilə toplanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, o, 12 iyul 2021-ci il tarixdə idarə etdiyi “VAZ-21070” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri S.Fətəliyev küçəsində hərəkətdə olan zaman düzgün ara məsafəsi saxlamamış nəticədə, “X3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin müayinə olunmasına dair 00825 nömrəli alkotester protokolundan görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs 12 iyul 2021-ci il tarixdə spirtli içki qəbul etməmişdir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli, 62 saylı zərər aktından görünür ki, X1 idarə etdiyi “X3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “X3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 255 (iki yüz əlli beş) manat zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməsi və səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində dörd yüz manat məbləğində cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar