Məhkəmə qərarları › İş №3(036)-371/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-371/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-371/2021 20.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə İmişli rayonunun Mürsəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, İmişli rayon Qaraqaşlı bələdiyyəsinin sədri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun, Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün İmişli şəhər məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən İmişli rayon Qaraqaşlı Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur ona görə ki, Qaraqaşlı Bələdiyyəsinin mütləq təqdim etməli olduğu 30 iyul 2021-ci il tarixli, 07 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günü müddətinə göndərməli olduğu halda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsinə) həmin müddətdən gec göndərilmişdir. Qaraqaşlı Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onun sədrliyi ilə 30 iyul 2021-ci il tarixdə Qaraqaşlı bələdiyyəsinin iclası keçirilmiş, həmin tarixdə 07 nömrəli protokol tərtib olunmuş və beç iş günü müddətində, yəni 06 avqust 2021-ci il tarixdə poçt vasitəsilə İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Lakin buna baxmayaraq İmişli Regional Ədliyyə İdarəsinin Rəis müavini X1 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Halbuki o, iclas protokolun vaxtında təqdim etmişdir. Ona görə də hesab edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İmişli Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İş materiallarına əlavə olunmuş zərfin surətindən görünür ki, 30 iyul 2021-ci il tarixli, 07 saylı iclas protokolu 06 avqust 2021-ci il tarixində İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında, yəni beş iş günü müddətində təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulsa da Qaraqaşlı Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli, 07 saylı iclas protokolu 06 avqust 2021-ci il tarixində İmişli Regional Ədliyyə İdarəsinə göndərilmiş və sözgedən müddət ötürülməmişdir. Belə ki, qeyd olunan iclas protokolu 30 iyul 2021-ci il tarixdə tərtib olunmuş, həmin tarixdən sonrakı iş günü 02 avqust tarixindən başladığından və protokol 06 avqust 2021-ci il tarixdə poçta təqdim olunmuşdur.Ona görə də məhkəm hesab edir ki, qeyd olunan hal İmişli rayon Qaraqaşlı bələdiyyəsinin sədri Şəxs əməlində hər hansı inzibati xəta tərkibi yaratmır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Republikası İXM-nin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli rayon Qaraqaşlı bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar