Məhkəmə qərarları › İş №3(036)-38/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-38/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-38/2024 22.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X3, İmişli Rayon YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. İnzibati xəta hadisəsi İmişli şəhəri, Heydər Əliyev prospektində baş vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-6110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyatı üzrə İmişli Rаyon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi qərardadı belə əsaslandırmışdır ki, inzibati xətanın törədildiyi yer İmişli şəhəri, Heydər Əliyev prospekti olduğundan, eləcə də barəsində qərar çıxarılmış şəxs inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə onun yaşadığı yer üzrə baxılması ilə əlaqədar vəsatət vermədiyindən, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında əks edilmiş hüquqi mövqe nəzərə alınmaqla X2 şikayətinə (o cümlədən şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə İmişli Rаyon Məhkəməsində baxılmalıdır Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun başqa bir qərarında-“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Əsas Qanunun və cinayət-prosessual qanunvericiliyin müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən görünür ki, aidiyyət qaydalarının pozulması yolverilməzdir və məhkəmələr bu qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu onunla əlaqədardır ki, məhkəmə aidiyyətinin pozulması nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.1.3-cü maddələrindən, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vemrə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarından verilən şikayətlərə inzibati xəta haddisənin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yşadığı yerinə məhkəməsində baxıla bilər. İXM-nin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Bununla belə, inzibati xətalar qanunvericiliyində vəsatətin anlayışı verilməmişdir. Lakin, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində bu anlayış nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq cinayət prosesində (o cümlədən inzibati xətalar qanunvericiliyində) vəsatətin mahiyyəti barədə qanunvericinin mövqeyini nəzərə çatdırmağı zəruri hesab edirəm. Belə ki, Azərbaycan Respublikası CPM-nin 7.0.41-ci maddəsinə əsasən vəsatətcinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir. Ona görə də hesab edirəm ki, hazırki iş üzrə ərizəçi X1 orqanın inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən xahiş etməklə həm də ərizəsinə məhz həmin birinci instasniya məhkəməsində baxılması barədə arzusunu ifadə etmişdir. İş materialları ilə müəyyən olur ki, X2 rəsmi qeydiyyatı ünvan 1 ünvanıdır. Ona görə də, X2 yaşadığı yer ünvan 1 ünvanı olduğundan və inzibati xəta haqqında qərardan verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməklə sözügüdən qərardan artıq vəsatət vermiş hesab olunduğundan şikayətçinin ayrıca vəsatət verməsinə ehtiyac qalmamışdır. Belə olan halda isə işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə aidiyyatı ilə bağlı mübahisə olduğundan iş üzrə aidiyyat məsələsinin həll edilməsi üçün İmişli Rayon YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət üzrə inzibati xəta haqqında material Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İmişli Rayon YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X2 vermiş olduğu şikayət üzrə inzibati xəta haqqında material məhkəmə aidiyyatı məsələsi həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar