Məhkəmə qərarları › İş №3(036)-398/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-398/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-398/2024 31.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə İmişli rayonu Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayon, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİNnBaş X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 21:40 radələrində “KAMAZ 5511 yük markalı”, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Qazax yolunun 47.5-ci km-də idarə edən zaman Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsini, yəni bu məcəlləinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, protokol tərtib olunarkən onun yük maşını üçün nəzərdə tutulmuş çəkini 1540 kg aşmışdır. Bunun səbəbi isə həmin gün güclü yağış yağmış və bu da çəkiyə təsir göstərmişdir. İş materialları ilə müəyyən olur ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. **********724 saylı, xx.xx.2024-cü il tarixli qəbzlə müəyyən olur ki, “Kamaz”, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil tərəzi yoxlanışı zamanı oxlarının sayı 3 ədəd olmaqla, ümumi çəkisinin 26540 kg olduğu müəyyən edilmişdir. Göründüyü kimi “Kamaz” markalı avtomobilin çəkisi qanunla müəyyən edilmiş normadan artıq olmuşdur. İş materiallarına əlavə edilmiş bildirişlə 3 oxlu Rusiya istehsalı olan nəqliyyat vasitələri üçün buraxıla bilən çəki 25000 kq olaraq müəyyən edilmişdir. “Ölçmə vasitələrinin yoxlanılması haqqında” RN 012471, ÖVY 097336 saylı şəhadətnamə ilə müəyyən olunur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10496 elektron avtomobil tərəzisinin son yoxlama tarixi xx.xx.2023-cü il olmaqla, xx.xx.2024 tarixdədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Kamaz 5511 yük markalı”, ** OG *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-ci il tarixdə, Bakı-Qazax yolunun 47.5 km-də hərəkətdə olarkən onun nəqliyyat vasitələrini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etmişdir (Görüntülərin qeydə alındığı GD diski işə əlavə edilmişdir). Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və onun şəxsiyyəti nəzərə alınaraq barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla, 1200 manat məbləğində cərimə edilsin. Qərardan onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar