Məhkəmə qərarları › İş №3(036)-402/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-402/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-402/2021 31.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 26 avqust 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də mütəxəssis işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə toplanmış inzibati icraat materialına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 30 avqust 2021-ci il tarixdə prezident tədbirinin təşkili zamanı Hacıqabul-Horadiz yolunun 104-cü kilometrliyində magistral yolda hərəkətin qadağan olunmasına baxmayaraq hərəkəti davam etdirmiş, polisin qanuni tələbinə tabe olmayaraq polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərdi ki, 30 avqust 2021-ci il tarixdə təxminən saat 16 radələrində Bəhrəmtəpə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən çıxıb magistral yolla Sarıxanlı kəndi istiqamətinə getmək istəyərkən həmin ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq bir nömrəli tədbir olduğundan magistral yolla hərəkətin müvəqqəti məhdudlaşdırıldığını bildirmişlər. Bu zaman o, dövlət işçisi olduğunu bildirərək onu buraxmalarını xahiş etmiş, lakin polis əməkdaşları onu magistral yola buraxmadığından aralarında mübahisə yaranmışdır. Bundan sonra həmin ərazidə xidmətdə olan digər polis əməkdaşı da ona yaxınlaşaraq ərazini təcili tərk etməsini tələb etmiş, lakin o, ərazini tərk etməyərək hərəkətini davam etdirməsinə mane olmamalarını xahiş etdikdə polis əməkdaşları onu polis maşınına mindirərək rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt anlaşılmamazlıq olsa da o, polis əməkdaşlarını söyüb təhqir etməmişdir. Lakin polisin qanuni əmrinə tabe olmadığına görə əməlindən peşmandır, polis əməkdaşlarından üzr istəyir və məhkəmədən onun ankoloji xəstə olmasının nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə bir nömrəli tədbir ilə əlaqədar İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olmuşdur. Həmin gün saat 16 radələrində magistral yolla avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılmışdır. Həmin vaxt tranzit yola çıxmaq istəyən MK-181 tranzit nömrəli “Land Rover” markalı avtomobili saxlatdıraraq bir nömrəli tədbir olduğundan magistran yolla hərəkətin məhdudlaşdırıldığını bildirmiş və geri qayıtmasını tələb etmişdir. Lakin sürücü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olduğunu bildirərək onunla mübahisə etməyə başlamışdır. Bundan sonra “birinciyə zəng edəcəyəm” ifadələrini işlətdikdə o, yenə də sürücüdən yola çıxmamağı tələb etmişdir. Lakin adını sonradan bildiyi sürücü Şəxs onun qanuni tələbinə məhəl qoymayaraq avtomobili magistral yola tərəf sürməyə başlamışdır. Bunu görən yol polis əməkdaşları dərhal ona köməyə gəlmiş və Şəxs avtomobilni saxlatdırmışlar. Bundan iki dəqiqə sonra prezidentin korteji həmin yoldan keçmişdir. Həmin vaxt sürücü Şəxs yol polisi əməkdaşları ilə mübahisəni davam etdirməyə başlamışdır. O və yol polis əməkdaşları sürücü Şəxs nizam intizama dəvət etsələr də, sonuncu orada olan Alay komandirinə “ged işinlə məşğul ol, mən XDMX-nin əməkdaşıyam, mənim burda olmağımdan birincinin məlumatı var, birinci hələ Fizuliyə çatmayıb” ifadələrini işlədərək onların qanuni tələblərinə riayət etməmiş, üstəlik polis əməkdaşlarına müqavimət göstərərək onları nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra sürücü Şəxs xidməti avtomobillə İmişli rayon polis şöbəsinə gətirilmişdir. Sürücü Şəxs həmçinin İmişli rayon polis şöbəsində olarkən də orada olan DYP əməkdaşlarını söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Yol-Patrul Xidməti Alayı, YPX inspektoru, polis serjantı X1 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fizuli rayonuna səfəri zamanı keçirilən bir nömrəli tədbir ilə əlaqədar Hacıqabul-Horadiz yolunun 104-cü km-də xidmət apararkən bir sürücünün hərəkəti məhdudlaşdırılmış yola çıxmasının qarşını almaq istəyən polis əməkdaşı ilə mübahisə etdiyini görüb yaxınlaşmış və sonuncunun polis əməkdaşının qanuni tələblərinə saymazyana qarşılıq verərək yolun hərəkət hissəsinə çıxmaq istədiyini müşahidə etmişdir. Bundan sonra adını sonradan bildiyi sürücü Şəxs həmin polis əməkdaşına müqavimət göstərərək ona tərəf gəlmişdir. O da öz növbəsində sürücüyə hərəkəti məhdudlaşdırılmış yola çıxmaqla tədbirin gedişatını pozmamağı təklif edərək onu nizam intizama dəvət etmişdir. Lakin sürücü onların qanuni tələblərinə riayət etməyərək ölkə prezidentinin səfərindən məlumatı olduğunu, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olduğunu, dövlət orqanlarının onun arxasında durduğunu və həmin yoldan istədiyi formada keçəcəyini nümayişkaranə forma bildirmişdir. Bundan sonra isə polis əməkdaşları onu polis şöbəsinə aparmaq istədikdə, sonuncu müqavimət xarakteri hərəkətlər edərək onları söyüb təhqir etmişdir. Daha sonra sürücünün polis şöbəsinə göndərilməsi təmin edilmiş, iki dəqiqə sonra isə prezidentin korteji həmin yoldan keçmişdir. Əgər sürücü oradan iki dəqiqə gec uzaqlaşdırılsaydı onlar xidməti vəzifələrini yerinə yetirə bilməmiş olardılar ki, bu da onların xidməti vəzifələrini itirmələri ilə nəticələnə bilərdi. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, şahidlərin ifadələri və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İşdə olan AZA 014014 nömrəli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 avqust 2021-ci il tarixdə, saat 17:25-də inzibati qaydada tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar