Məhkəmə qərarları › İş №3(036)-428/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-428/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-428/2024 05.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X7, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, onun 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli icra sənədi üzrə 1525 manat borcu vardır. İş qəzası nəticəsində qolunu ciddi olaraq yaraladığı üçün 5 ay müddətdir ki, əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Bir müddət sonra yenidən əmək fəaliyyətinə başlayacaqdır. Məhkəmə ona 2 ay vaxt verərəsə borcunu tam ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş X7 izahat verərək göstərdi ki, Şəxs heç bir üzrlü səbəb olmadan İmişli Rayon Məhkəməsinin 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli sənədini 21 ay müddətdir ki, tamamilə icra etməmişdir. Uşağın tələbatını bir ana olaraq tək başına təmin etmək onun üçün çətin olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, borclu tərəfindən icra sənədi üzrə heç bir hərəkət olmamış və lazımi köməklik edilməmişdir. Ona görə də, borclu şəxsin icra sənədi üzrə tələbi icra etməsi üçün barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli sənədi üzrə bütün zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclu əmək qabiliyyətinin olmadığını əsas gətirərək icra sənədi üzrə borcunu icra edə bilməyəcəyini bildirmiş, tələbkar isə icra sənədi üzrə borcun ödənilməsində israrlıdır. İmişli Rayon Məhkəməsinin 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli icra sənədi üzrə cavabdeh Şəxs X6 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay 70 manat sabit pul məbləğndə aliment iddiaçı X4 xeyinə tutulmalıdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2015-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs xx.xx.2015-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İmişli Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli, 3(036)-393/2016 saylı qərarı ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-966/2015 saylı, xx.xx.2015-cü il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tənbeh olunmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarix, saat 14:47-dən hesablanılsın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar