Məhkəmə qərarları › İş №3(036)-435/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-435/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-435/2024 10.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 30 C-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 10 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 iyun 2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozaraq, İmişli Rayon Polis Şöbəsinin normal iş rejimini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-da İmişli rayonununa qonşusunun toy məclisinə gəlmişdir. O, artıq dərəcə spirtli içki qəbul etdiyindən ona məxsus avtomobili toy məclisi olan yerdə qoyaraq özü evə taksi ilə getmişdir. Maşının açarının qonşusuna vermişdir ki, saxlasın, maşını gəlib qohumları götürəcəkdir. Sonradan xəbər tutmuşdur ki, ona məxsus maşın duracağa yerləşdirilmişdir. O, içkili vəziyyətdə həmin dayanacağa getmiş və orda polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra o, İmişli Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasına daxil olaraq polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək təhqir etmiş, polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis Şöbəsində olanda da öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzrxahlıq etdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X4 10 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 09 iyun 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etmiş, polis əməkdaşlarını təhqir edərək onların şərəf və ləyaqətini alçaltmışdır. Dəfələrlə onu sakitliyə çağırsalar da, o, razılaşmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış İmişli Rayon Polis X9 Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, 09 iyun 2024-cü il tarixdə onlar avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlamışlar, saxladıqdan sonra məlum olmuşdur ki, maşını onu idarə etməyə hüququ olmayan şəxs sərxoş vəziyyətdə idarə edirmiş. Buan görə də barəsində inzibati qaydada tədbir görülmüş, maşın duracağa yerləşdirilmişdir. Duracağa maşını yerləşdirdikdən sonra ora maşının sahibi Şəxs gəlmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etmiş, polis əməkdaşlarını təhqir edərək onların şərəf və ləyaqətini alçaltmışdır. Dəfələrlə onu sakitliyə çağırsalar da, o, razılaşmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin vətəndaşı İmişli RPŞ-də onların iş rejimini pozaraq öz əməlini davam etdirmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsələr də yüksək səslə polisin ünvanına küçə söyüşləri ilə nalayiq ifadələr işlətməyə davam etmişdir. İş üzrə şahid İmişli Rayon Polis X9 Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X7 ifadə verərək, şahid X5 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis Şöbəsinin X1 Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş 10 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, polisin qanuni tələbinə tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozaraq, İmişli Rayon Polis Şöbəsinin normal iş rejimini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş “TƏBİB” PHŞ-nin tabeliyində olan İmiş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 901 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında 09 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, şahid ifadələri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 09 iyun 2024-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «09» iyun 2024-cü il tarixdən saat 23:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «09» iyun 2024-cü il tarixdən saat 23:50-dən hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar