Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-44/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Aslanov küçəsi ev 14, mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.9-cu maddələri ilə toplanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.9-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə İmişli rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə İmişli rayon Yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və avtomobili şöbəyə sürməsi tələb edilmişdir. Bunun səbəblərini soruşduqda isə səbəbləri polis şöbəsində açıqlanacağı bildirilmişdir. O da inspektora tabeçilik göstərərək avtomobili öz hərəkəti ilə polis şöbəsinə aparmışdır. Bundan sonra müvafiq akt tərtib olunaraq avtomobili şöbənin duracağına yerləşdirilmişdir. Sonradan ona bir neçə sənəd təqdim edərək imzalamalı olduğunu bildirmişlər və o, həmin sənədləri imzaladıqdan sonra ona inzibati xəta haqqında protokol təqdim olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, guya o avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etmiş, bundan əlavə guya avtomobildə istifadəsinə icazə verilməyən sayrışan işıqlar olmuşdur. Belə ki, o, avtomobili yeni almışdır və avtomobildə nəyinsə olubolmadığını o özü hələ tam bilmir. Əgər avtomobilində istifadəsinə icazə verilməyən sayrışan işıqlar olmuşdursa da onun bundan xəbəri olmamış, avtomobili aldığı vaxtdan heç bir əlavə və dəyişikliklər etmədən idarə etmişdir. Avtomobildəki əlavə qurğu olmuşsa da o, avtomobilini sayrışan işıqla təchiz etməmişdir, necə istifadə olunmalı olduğunu bilmir, heç vaxt da istifadə etməmiş və həmin avtomobillə hər hansı qanun pozuntusu və ya inzibati xəta hadisəsi törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində avtomobilin sayrışan işıqla təchiz edilməsinə görə məsuliyyət müəyyən edildiyini bilir, lakin o, avtomobilini sayrışan işıqla təchiz etməmiş, avtomobili patrul xidməti əməkdaşlarının yoxlayıb müəyyən etdikləri vəziyyətdə almışdır. Hesab edir ki, avtomobilini sayrışan işıqla təchiz etmədiyindən bunun məsuliyyəti onun üzərində olmamamalıdır. Nəzərə alınmalıdır ki, avtomobili aldıqda texniki baxışdan keçiriliş və əgər avtomobildə belə bir qurğu var idisə bunu Qeydiyyat orqanı mənə bildirməklə avtomobili texniki baxışdan keçirməməli idi. Təhlükəsizlik kəmərinə gəldikdə isə o, avtomobili hər zaman təhlükəsizlik kəmərindən istifadə etməklə idarə etmişdir və bunu isbat etmək məcburiyyətində deyildir. Əgər avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etmişdirsə patrul xidməti əməkdaşları bunu hansı xüsusi texniki vasitələrin köməyi ilə müəyyən etmişdirsə həmin texniki vasitələrin göstəricilərini məhkəməyə təqdim etməklə sübut etməli idilər, lakin etməmişlər. Ona görə də hesab edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyi iş materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir və bu Məcəllənin 100.1.8-ci maddəsinə əsasən həmin xüsusi texniki vasitələrin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar tərtib olunmuş inzibti xəta haqqında protokolda göstərilməlidir. Lakin İmişli RPŞ-nin DYP bölməsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda belə qeydlər aparılmamışdır. Bununla da İmişli RPŞ-nin DYP bölməsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən sürücü Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8, və 122.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə görə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddədən görünür ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə görə məsuliyyət müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin belə məsuliyyəti yaradan, yəni nəqliyyat vasitəsini sayrışan işıqla təchiz etməsi müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.9-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.9-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-44/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-44/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver