Məhkəmə qərarları › İş №3(036)-470/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-470/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-470/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarla razı deyildir. Belə ki, protokol onun istifadəsində olan torpaq sahəsindəki 1 ədəd söyüd və 1 ədəd çinar ağacının zədədlənməsi faktına görə tətbiq olunmuşdur. Halbuki həmin ağacların zədədlənməsindən onun məlumatı yoxdur. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul edərkən hansı sübutlara əsaslandığı məlum deyildir. Ona görə də, qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edib, şiakyətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi növbəti məhkəmə iclaslarına gəlməmiş və öz etirazlarının əsası olan sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X4 ifadə verərək, şikayət verən şəxs X1 şikayətində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə şikayətin dəlillərini işdə iştirak edən şəxslərin izahatı, şahidin ifadəsi və iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olur ki, X3 tərəfindən 1 ədəd söyüd və 1 ədəd çinar ağacının zədələnməsi faktı aşkar edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 84354 saylı aktla X1 “Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanunun” tələblərini pozduğu qeyd edilmişdir. Akta əlavə olaraq ərazidən çəkilmiş şəkillərin əlavə olunduğu qeyd edilsə də faktiki surətdə həmin fotoşəkillər təqdim edilməmişdir. İşin baxılması dəfələrlə təxirə salınıb, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsi üçün əsas olmuş hallar və həmin halları təsdiq edən sübutların məhkəməyə təqdim olunması barədə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə iclasında X1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi faktı öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq əsaslığı təsdiq olunmadığı üçün X3 tərəfindən verilmiş şikayət təmin edilməli və mübahisələndirilən qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar