Məhkəmə qərarları › İş №3(036)-487/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-487/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-487/2021 01.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə toplanmış inzibati icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 23 avqust 2021-ci il tarixdə, saat 20 radələrində İmişli rayonunun Rəsullu kəndində çöl otlaq sahəsində aralarında yaranmış mübahisə zəminində X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində İmişli rayonunun Rəsullu kəndində çöl otlaq sahəsində X4 ilə aralarında mübahisə yaranmış mübahisə zamanı Əliş Kərimov onun üzərinə hücum etmiş, əlindəki ağacla hər iki qoluna, əllərinə və sol buduna vurmuş, həmçinin Əliş Kərimova məxsus it onun üzərinə hücum edərək onun sol yan hissəsindən dişləmiş və o da, özünü müdafiə etmək üçün əlindəki ağacla onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərdi ki, 23 avqust 2021-ci il tarixdə, saat 20 radələrində Şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs əlindəki ağacla onu döymüş, o da özünü müdafiə etmək üçün yerdən ağac götürüb Elbursu vurmuşdur. Bundan sonra Elburs cibindən bıçaq çıxararaq onun qolundan vurmuşdur. O, Elbursu bağışlamır və cəzalandırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, zərər çəkmiş şəxsin izahatı və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X2 və Şəxs ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 və Şəxs əməllərində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, barələrində inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin X1 göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsi 24 avqust 2021-ci il tarixli, 626 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2021-ci il, saat 12:05-dən hesablansın. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar