Məhkəmə qərarları › İş №3(036)-50/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-50/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-50/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X2, X1 iştirakı ilə, X1 İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X2 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat cərimə edilməyi barədə İmişli Rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X2 12 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 yanvar 2025-ci ildə aldığı sənəddən məlum oldu ki, İmişli Rayon Yol Patrul Xidməti İnspektoru Polis kiçik serjantı X2 12 yanvar 2025-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Bildirir ki, 12 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göbəktala kəndindən İmişli şəhəri istiqamətində hərəkətdə olarkən İmişli rayon YPX-nin əməkdaşı onu saxlamış və ona ötmə qaydalarını pozduğunu yəni ötmə icazə verilməyən yerdə ötmə həyata keçirdiyini bildirdi. O, ona bildirmişdir ki, o, heç bir qayda pozuntusu etməmiş, lakin bütün bunlara baxmayaraq heç bir sübut olmadığına baxmayaraq əsassız protokol tərtib etmişdir. Həmçinin o, həmin vaxtı ondan xahiş etmişdir ki, əgər qayda pozmuşsa görüntünü ona təqdim etsin, o isə ona bildirdi ki, görüntü ilə gəlib İmişli rayon polis şöbəsində tanış olarsan. Bundan sonra o, İmişli rayon Polis Şöbəsinə gəlmiş və lakin oradan ona heç bir görüntü təqdim etməmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir, lakin bütün bunlara baxmayaraq o, əsassız olaraq 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda izahatına əlavə olaraq bildirmişdir ki, həmin yerdə qırıq-qırıq xətt olduğu üçün ötmə əməliyyatı etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X5 12 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 12 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göbəktala kəndindən İmişli şəhəri istiqamətində hərəkətdə olarkən ötmə qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmaqla 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Əlavə olaraq vətəndaş X3 dediyi qırıq-qırıq xətt yalnız kənd ərazisinə dönməyi göstərir. Göstərilənlərə əsasən o, X4 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 12 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X5 tərəfindən 12 yanvar 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 12 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göbəktala kəndindən İmişli şəhəri istiqamətində hərəkətdə olarkən ötmə qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmaqla 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan hadisənin audio – video yazısının əlavə edildiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, X4 12 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz 2106” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göbəktala kəndindən İmişli şəhəri istiqamətində hərəkətdə olarkən ötmə qaydalarını pozduğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 1-ci maddəsini 39-cu bəndinə əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir; Həmin Qanunun 51-ci maddəsinə əsasən: İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Həmin Qanunun 69-cu maddəsinə əsasən: Vİ. Üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 7) 1.7 — yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər); Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; Yuxarıda göründüyü kimi, məhkəmə araşdırması zamanı şikayətçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmadığı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, şikayətçinin ötmənin icazə verildiyi nizamlanmayan yolayrıclarında — baş yolla hərəkət etdikdə, 1.7 üfiqi nişanlanma xəttinin tələblərinə uyğun şəkildə kəsib keçərək ötmə əməliyyatı etmişdir. Bu həm şikayətçinin, həm də inzibati tənbeh barədə qərar qəbul edən şəxsin ifadəsi ilə öz təsdini tapmışdır. İnzibati tənbeh barədə qərar qəbul edən şəxs qərarını onunla əsaslandırmağa çalışmışdır ki, həmin ərazidə olan 1.7 xəttini kəsib keçmək olmaz. Çünki həmin xətt yol ayırıcını müəyyən edən xətdir. Halbuki, şikayətçi ötmə əməliyyatını yuxarıda göstərildiyi kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51 və 69-cu maddəsinin tələblərinə riayət etməklə həyata keçirmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X2 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. İmişli Rayon Polis X7 Xidmətinin inspektoru X2 12 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar