Məhkəmə qərarları › İş №3(036)-570/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-570/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-570/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1-ci və 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İmişli rayon X1 patrul xidməti inspektoru polis kiçik serjantı Elvin Nəhmədov tərəfindən Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokola əsasən Şəxs 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş yük daşıma qaydalarının pozulması, 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi halına yol vermişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 353.5-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 353.5-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən 353.5. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və inzibati xəta haqqında protokoldan görünür ki, maddənin mənasına görə, şəxsin İXM-nin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün o, həmin Məcəllənin 353.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməli, bu barədə qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş olmamalıdır ki, əməl təkrar törədilmiş hesab olunsun və İXM-nin 353.5-ci maddəsi ilə tövsif edilsin. Lakin məhkəməyə bununla bağlı müvafiq sübutlar, yəni şəxsin İXM-nin 353.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərar, həmin qərarın qüvvəyə mindiyi barədə sənəd təqdim edilməmişdir Beləliklə, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İmişli Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 353.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İmişli Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar