Məhkəmə qərarları › İş №3(036)-640/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-640/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-640/2024 04.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 70-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 04 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söyərək şöbənin mühafizə üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vuraraq qırmış, ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs “Chevrolet” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ötmə əməliyyatı edən zaman dönmə işığından istifadə etmədiyinə ona maşını dayandırmaqla bağlı göstəriş verilmişdir. Sürücü nəqliyyat vasitəsini dayandırmışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib yol hərəkəti qaydasına əməl etmədiyini bildirən zaman həmin sürücü özünü İmişli rayon prokurorluğunun əməkdaşı kimi təqdim etmişdir. Həmçinin, onun ağzından kəskin spirtli içki iyi gəlmişdir. Sərxoşluq müayinəsindən keçməyi təklif edilmişdir. Bu zaman sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etməklə yanaşı, həm də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə yanaşı avtomobilinə minib oradan uzaqlaşmağa cəhd göstərmişdir. Bu zaman onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinə minməsinin qarşısı alınmış və onun nalayiq söyüşlərlə təhqir edib onu asayişə dəvət etməklə bağlı polisin qanuni tələblərinə tabesizlik göstərdiyini bildirən nümayişkəranə hərəkətlər etmişdir. Nəqliyyat vasitəsi İmişli RPŞ-nin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cərimə meydançasına gətirmişdir. Nəqliyyat vasitəsinə onun iştirakı ilə baxış keçirib akt tərtib edildikdən sonra həmin aktla onu tanış etmək, akta imza etmək üçün dəvət etdikdə yenə də polisin ünvanına nalayiq ifadələr işlətməklə aktla tanış olmaqdan imtina etmişdir. Həmçinin xidməti geyim formalarını əli ilə dartaraq ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşının şərəf və ləyaqətini alçaldan ifadələrlə onları təhqir edib sinə nahiyəsindən itələmişdir. Sonradan Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində İmişli Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söyərək şöbənin mühafizə üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vuraraq qırmış, ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həmin gün spirtli içki qəbul edərək avtomobil idarə etmiş və bu qanunun pozulması ilə əlaqədar özünü təqsirli bilir. Lakin dövlət yol polisinin əməkdaşları və əsas olaraq Xalid Əsədov guya ona yumruq atmışdır. Halbuki, ele bir şey olmamış və əgər olubsa yol patrul avtomobilinin üzərinə quraşdırılmış kamerada görsənərdi. O, yumruq atmamış, polis əmkdaşına qarşı heç bir müqavimət göstərməmişdir. Lakin o, polis əməkdaşı olan Xalid Əsədov onun üstünə gəldiyi üçün “get mən səni istəmirəm” demişdir. Digər hissə də isə qohumunun polis əməkdaşı olduğunu və buna görə də polislərə böyük hörmətinin olmasını və onları söymədiyini bildirmişdir. Həmin vaxt gecə polis şöbəsinə gəlmişdir və amma bundan sonra şərxoş olduğu üçün nə olduğunu xatırlamır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə İmişli şəhəri, Lətif Vəliyev küçəsində “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti yol patrul avtomobili ilə ekipaj üzvü, İmişli RPŞ-nin DYPB-nün yol patrul inspektoru, polis baş serjantı X4 ilə xidmətdə olan zaman “Chevrolet” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşıda ötmə əməliyyatı edən zaman dönmə işığından istifadə etmədiyini görüb ona maşını dayandırmaqla bağlı göstəriş verdikdən sonra sürücü nəqliyyat vasitəsini dayandırdı. Ona yaxınlaşıb özlərini təqdim edib yol hərəkəti qaydasına əməl etmədiyini bildirən zaman həmin sürücü özünü İmişli rayon prokurorluğunun əməkdaşı kimi təqdim etdi. Həmçinin, onun ağzından kəskin spirtli içki iyinin gəldiyini görüb sərxoşluq müayinəsindən keçməyi təklif etmiş və bu zaman sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etməklə yanaşı, həm də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə yanaşı avtomobilinə minib oradan uzaqlaşmağa cəhd göstərmişdir. Bu zaman onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinə minməsinin qarşısını almış və onun nalayiq söyüşlərlə təhqir edib onu asayişə dəvət etməkləri bağlı qanuni tələblərinə tabesizlik göstərdiyini bildirən nümayişkəranə hərəkətlər etdiyini görüb idarə etdiyi nəqliyyat vasitəsini İmişli RPŞ-nin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cərimə meydançasına gətirmişlər. Nəqliyyat vasitəsinə onun iştirakı ilə baxış keçirib akt tərtib edildikdən sonra həmin aktla onu tanış etmək, akta imza etmək üçün dəvət etdikdə yenə də polisin ünvanına nalayiq ifadələr işlətməklə aktla tanış olmaqdan imtina etmişdir. Həmçinin, xidməti geyim formalarını əli ilə dartaraq ucadan nalayiq ifadələr işlədi,b polis əməkdaşının şərəf və ləyaqətini alçaldan ifadələrlə onları təhqir edib sinə nahiyəsindən itələyib. Onu nizam-intizama və polisin qanuni tələblərinə tabe olmağa dəvət edib sakitləşdirilməyinə cəhd edilməsinə baxmayaraq yenə də tabesizlik xarakterli hərəkətlər etməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İmişli rayon DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, L.Vəliyev küçəsində saat 01-10-da İmişli RPŞ-nin DYPB-nin baş YPX inspektoru Xalid Əsədovla **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olarkən **-SK-*** dövlət qeydiyat nişanlı avtomobilin ötmə əmliyyatı apararaq dönmə göstəricilərindən istifadə etmədiyinə görmüş və xidməti avtomobillə saxlama işarəsi verib avtomobili saxlatmışdr. Bundan sonra sürücüyə özlərini təqdim etmiş və bort kompyuter vasitəsi ilə avtomobilin sahibinin kim olmasına baxmış və avtomobilin sahibi Kamran Səmədov olmasını bilmişlər. Özlərini sürücüyə təqdim etdikdən sonra sürücünün ağzından spirtli içki iyi gəldiyini hiss etmiş və tərəflərindən sürücünün şəxsiyəti məlum oldu. Sürücü onların qanuni tələblərinə tabe olub alkotestr müayinəsindən keçməkdən yayınırdı və onların qanuni tələblərinizə tabe olmaq istəmirdi və avtomobilinə əyləşib avtomobilini sürüb getmək istəyərkən sürücü Şəxs avtomobildən o və Xalid Əsədov kənarlaşdırmış və təxminən 45 dəqiqə ərzində onlarla Şəxs mübahisə aparmışdır. Orada digər polis əməkdaşı Xalid Əsədovun ünvanına nalayiq ifadələr işlətmiş, xidməti geyim formalarını əli ilə dartaraq polisin şərəf və ləyaqətini əlçaldan ifadələrlə təhqir etmişdir. Avtomobilin idarəetməsindən Cavidi kənarlaşdırdıqdan sonra onun avtomobilini idarə edib cərimə meydançasına gətirmişlər. Şəxs sərxoşluq müayinəsindən alkotestr vasitəsi ilə keçirilmiş və onun sərxoş olması müəyyən olunmuşdur. Tərəfindən Şəxs avtomobili işıq cihazından düzgün istifadə etmədiyinə, avtomobili etibarnaməsiz və sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələrin tələblərini pozduğuna görə onun barəsində daha ağır inzibati tənbeh tədbiri görülməsi üçün AR.İXMnin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olundu. Əlavə olaraq bildirir ki, Şəxs ona qarşı deyil xidməti yoldaşı Xalid Əsədova qarşı nalayiq söyüşlər söymüşdür. Ona bir neçə dəfə bildirildi ki, polis əməkdaşı ilə belə davranmaq olmaz. Avtomobili cərimə meydançasına aparılması təklif olundu və buna görə xeyli mübahisə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, 30 avqust 2024-cü il tarixdə saat 20 radələrində İmişli RPŞ-nin inzibati binasında yerləən 1 saylı postda xidmətə təyin edilmişdir. Onun xidməti 31 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək idi. 01 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli şəhər sakini kimi tanıdığı və sonradan şəxsiyyətinin Şəxs onun xidmət apardığı posta yaxınlaşmışdır. İmişli RPŞ-nin DYPB-nin əməkdaşlarından kimin şöbədə olmasını soruşmuşdur. O, isə bu vaxt heç kimin olmadığını, İmişli RPŞ-nin Növbətçi hissəsinə yaxınlaşmasını bildirmişdir. Bu zaman İmişli RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi, polis baş leytenantı Barat Məcnunlu həyətdə olmuşdur. O, Barat Məcnunluya yaxınlaşıb nəsə demişdir. Bundan sonra o, həyətdən çıxmış və Cavid uca səslə söyüşlər söyüb, şöbənin mühafizəsi üçün olan 1 saylı qapı postunun yaxınlığındakı, dəmir barmaqlıqlarla əhatə olunmuş hasarına bərkidilmiş plastik örtüyə təpik bir neçə dəfə vurub sındırmışdır. Həmçinin, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra dayanmasını bildirsə də, o davam etmiş və sonra cibindən mobil telefon çıxarıb telefonla danışmış və telefonda danışdığı şəxslərə DYP əməkdaşlarının onun maşınını cərimə meydançasına apardıqlarını demişdir. Həmin vaxt bir nəfər onun tanışı gələrək onu güclə maşına mindirmiş və aparmışdır. Eyni zamanda onu nizam intizama dəvət etsə də o, həddindən artıq nalayiq ifadələrlə söyüşlər söyürdü. Həmin vaxt içkili olmağı bilinirdi. Ümumi şəkildə polis əməkdaşlarının şərəf –ləyaqətini nalayiq söyüşlərlə söyürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, 2020-ci ildən DİO-da və tutduğu İmişli RPŞ-nin məslul növbətçisi vəzifəsində isə 2021-ci ildən xidmət edir. 01 sentyabr 2024-cü il tarixdə gecə saat təxminən 02-10 radələrində növbədə olduğu zaman bir nömrəli post olan polis şöbəsinin inzibati binasının həyətində bir nəfər şəxsin gəlib uca səslə qışqırıb DYPB-nin rəisi Emin Axundovun onun mobil telefonuna nəyə görə cavab verməməsi ilə bağlı narazılığını bildirmişdir. Həmin şəxsin davranışından içkili olmasını hiss olunurdu. Tərəfindən ona gecə 2 radələri olmasını, əlbəttə DYP rəisinin yuxuda olmasını və nə məsələ olması ilə bağlı aydınlaşdırmaq üçün sual edib soruşmuş. Lakin, həmin şəxs tam suallarına cavab verməmiş və danışığından başa düşmüşdür ki, onun avtomobili DYPB-nin hansısa əmkdaşı qanun pozuntusuna görə saxlayıb və cərimə meydançasına aparıb. O, ona polis şöbəsinin inzibati həyətindən çölə çıxmasını bildirmiş və yaranmış narazılığa görə səhəri iş vaxtı gəlib aydınlaşdırmasını məsləhət görmüşdür. Lakin, həmin şəxs uca səslə danışmış və ona qarşı edilən qanunsuz hərəkətlərdən şikayətlənmişdir. O, onun kim olmasını soruşduqda o, ona adını bildirməmiş və ona o, Saleh Səmədovun oğlu olmasını demişdir. O, həmin şəxslə inzibati binanın həyətində təxminən 5-10 dəqiqə ərzində söhbət etmiş və onu inzibati binanın həyətindən çölə çıxartmışdır. Daha sonra o, növbətçi hissəyə qayıdıb gələndə isə həmin vaxtı xidmətdə olan polis sahə rəisi Elbrus Salmanlının inzibati binanın içərisindən həyətə çıxmasını və oradan da 1 nömrəli posta yaxınlaşıb küçəyə çıxdığını görmüşdür. O, inzibati binada polis şöbəsində olmuş və polis şöbəsində xidməti telefona gələn zəngə cavab verdi üçün polis şöbəsinin qarşısından keçən küçədə nə baş verməsini görməmişdir. Lakin, xidməti telefonla danışdığı zaman polis şöbəsinin inzibati binasının qarşısından keçən küçədə həmin şəxsin uca səslə, nalayiq ifadələr işlətməsini eşitmişdir. O, telefonla danışıb qurtardıqdan sonra inzibati binanın həyətinə çıxmış və həmin şəxsin artıq getdiyini görmüşdür. Postda xidmət aparan polis nəfəri Elgün İsmayıllıdan nə məsələ olmasını və həmin şəxsin hara getməsini soruşmuşdur. Elgün isə ona bildirdi ki, həmin şəxs çıxıb getdi və gedərkən plastikləri də təpik vurmuşdur. O, inzibati binanın mühafizəsi üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə baxmış və görmüşdür ki, plastik qırılıb. O, orada Elbrus Salmanlıdan nə məsələ baş verməsini soruşmüş və nəyə görə onun dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vurduğunu bildirmişdir. Elbrus isə ona demişdir ki, o, nalayiq söyüşlər işlətdi və bundan sonra dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vurmuşdur, dayanması tələb etsə də, hərkətlərinə davam etmiş, sonradan oraya yaxınlaşan şəxs tərəfindən maşına mindirilərək uzaqlaşdırılmışdır. Lakin, həmin şəxs polis şöbəsinin həyətinə tək gəlmiş və onun kiminlə gəlməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, İmişli rayon polis şöbəsinin rəisinin müvafiq əmrinə əsasən 31 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək əməliyyat-istintaq qrupuna təyin edilmişdir. 01 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində o, İmişli RPŞ-nin inzibati binasının daxilində olmuşdur. Həmin vaxt İmişli şəhər sakini kimi tanıdığı Şəxs da şöbənin həyətindən küçəyə çıxmışdır və orada İmişli RPŞ-nin rəhbərliyinin, ümumi şöbənin ünvanına nalayiq söyüşlər söymüşdür. Sonra isə söyüş söyə-söyə 1 nömrəli postun yaxınlığındakı hasarın kauçuk hissəsinə təpik vurmuşdur. O, şöbənin həyətindən küçəyə çıxana kimi həmin şəxs piyada şöbənin qarşısı ilə, İmişli şəhəri H.Əliyev prospekti ilə hərəkət edib yolun o biri tərəfinə keçmiş və həmçinin şöbənin ünvanına nalayiq söyüşlər söyməklə telefonla danışmışdır. Bu zaman bir nəfər şəxs onu qucaqlayaraq maşına əyləşdirmiş və çıxıb getmişlər. Maşına minən zaman isə “qoy eşitsinlər ki, mən Salehin oğluyam" demişdir. Dəfələrlə şöbənin əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, 30 avqust 2024-cü il tarixdə saat 17 radələrində İmişli rayon prokurorluğunun inzibati binasında olan 1 saylı posta xidmətə təyin edilmişdir. 01 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində o, prokurorluğun binasının qarşısında siqaret çəkdiyi zaman İmişli şəhər sakini kimi tanıdığı Şəxs onun yanından keçib getmişdir. Bir qədər sonra o, İmişli RPŞ-nin inzibati binasında səs-küy eşitmiş və irəli gedib nə məsələ olmasına baxmışdır. İmişli RPŞ-nin 1 saylı postuna kimi gəlmişdir. Həmin vaxt İmişli RPŞ-nin məsul növbətçisi polis şöbəsinin inzibati binasının giriş hissəsində, pilləkəndə dayanıb telefonla danışmışdır. Cavid də onun yaxınlığında dayanıb söyüşlər söyürdü. O, da qapı postunun yaxınlığında olmuşdur. Sonra o, söyüş söyə-söyə polis şöbəsinin həyətindən çıxmış və küçədə də nalayiq söyüşlər söydükdən sonra bir dəfə qapı postunun divarına, bir dəfə şöbənin hasarının plastik üzlüyünə, bir dəfə də yenə həmin plastik üzlüyə təpiklə vurmuş və yolun o biri tərəfinə keçmişdir. Sonra bir nəfər onun tanımadığı şəxs gəlib onu cəld maşına mindirmiş və aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, 2005-ci ildən DİO-da və tutduğu İmişli RPŞ-nin MSYnin növbətçisi vəzifəsində isə 2020-ci ildən xidmət edir. 01 sentyabr 2024-cü il tarixdə gecə saat təxminən 02 radələrində əməliyyat qrupunda olduğu zaman bir nömrəli postdan sonradan adını bildiyi Cavid adlı şəxs keçib polis şöbəsininin pilləkənində dayanmış Barat Məcnunluya yaxınlaşmış və həmin vaxtı onun yanında İmişli rayon sakini Seymur Qarayevlə dayanıb söhbət edirmiş. Çünki həmin şəxs şikayətə gəlmişdir. Belə ki, o, və növbədə olan təhqiqatçı, Sabit Orucovla hadisə yerindən gəlmiş və Sabit Orucov xidməti otağına keçmiş və o, isə çöldə pilləkəndə söhbət edərkən sonradan adını bildiyi Cavid adlı şəxs DYP-nin hansısa əməkdaşı qanun pozuntusuna görə onu saxlayıb avtomobilini cərimə meydançasına aparması ilə bağlı narazılığını bildirmiş və və ünvansız nalayiq ifadələr işlədirdi. O, inzibati binadan küçəyə çıxmış və Seymur Qarayev isə Sabit Orucovun xidməti otağına keçmişdir. O, çöldə olan avtomobilndə olan sudan içməyə getmişdir. Həmin vaxtı onun avtomobilinin yanında bir nəfər şəxsin Cavidi qucaqlayıb aparmasını görmüşdür. Həmin vaxtı o, orada polis sahə rəisi Elbrus Salmanlı, Elgün İsmayıllı, Barat Məcnunlunu görmüşdür. O, inzibati binada polis şöbəsində olmuşdur. O, inzibati binanın mühafizəsi üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə baxmış və görmüşdür ki, plastik qırılıb. O, orada Elbrus Salmanlıdan nə məsələ baş verməsini soruşmuş və nəyə görə onun dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vurduğunu bildirmişdir. Elbrus isə ona demişdir ki, o, ünvansız və polisin ünvanlı nalayiq söyüşlər işlətdi və bundan sonra dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vurub çıxıb maşınla getdiyini demişdir. Lakin, həmin şəxs polis şöbbəsinin həyətinə tək gəlmişdir. Sonradan onu isə bir nəfər polis şöbəsinin qarşısından qucaqlayıb aparmasını görmüşdür. Eyni zamanda Cavid adlı şəxs polis əməkdaşlarını ümumi şəkildə nalayiq söyüşlərlə təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 04 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söyərək şöbənin mühafizə üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vuraraq qırmış, ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında 01 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 333.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Xalid Əsədov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri Lətif Vəliyev küçəsində “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti yol patrul avtomobili ilə ekipaj üzvü, İmişli RPŞ-nin DYPB-nün yol patrul inspektoru, polis baş serjantı X4 ilə xidmətdə olan zaman “Chevrolet” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşıda ötmə əməliyyatı edib dönmə işığından istifadə etmədiyini görüb ona idarə etdiyi avtomobili dayandırmaqla bağlı göstəriş verdikdən sonra sürücü nəqliyyat vasitəsini dayandırdı, ona yaxınlaşıb özümüzü təqdim edib yol hərəkəti qaydasına əməl etmədiyini bildirən zaman həmin sürücü Şəxs kimi və İmişli rayon prokurorluğunun əməkdaşı olduğunu dedi, həmin vaxt onun ağzından kəskin spirtli içki iyinin gəldiyini görüb sərxoşluq müayinəsindən keçməyi təklif etdik, bu zaman sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etməklə yanaşı, həm də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib öz avtomobilinə minib oradan uzaqlaşmağa cəhd göstərdi, bu vaxt biz onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinə minməsinin qarşısını aldıq, onun bizi nalayiq söyüşlərlə təhqir edib onu dəfələrlə nizam-intizama dəvət etmələrinə bağlı qanuni tələblərinə tabesizlik göstərdiyini bildirən nümayişkaranə hərəkətlər etdiyini görüb idarə etdiyi nəqliyyat vasitəsini İmişli RPŞ-nin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cərimə meydançasına gətirdik və nəqliyyat vasitəsinə onun iştirakı ilə baxış keçirib akt tərtib etdikdən sonra həmin aktla onu tanış etmək, akta imza etmək üçün dəvət etdikdə yenə də bizim ünvanımıza nalayiq ifadələr işlətməklə aktla tanış olmaqdan imtina etdi, həmçinin xidməti geyim formamızı əli ilə dartaraq ucadan nalayiq ifadələr işlədib polis əməkdaşının şərəf və ləyaqətini alçaldan ifadələrlə bizi təhqir edib sinə nahiyəmdən itələyib, bizim onu nizam-intizama və polisin qanuni tələblərinə tabe olmağa dəvət edib sakitləşdirməyimizə cəhd etməyimizə baxmayaraq yenə də tabesizlik xarakterli hərəkətlər etməyə davam etdi. Nəqliyyat vasitəsi tərəfimizdən cərimə meydançasına yerləşdirildi və sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə tərəfimizdən İXP6521461 nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi barədə məlumat verildi. Məhkəmə iclasında tədqiq edilmiş yol patrul xidmətinin avtomobilinin quraşdırılmış kameranın və yol patrul xidməti əməkdaşının üzərində olan kameranın video görüntülərindən müəyyən edilmişdir, Şəxs yol polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, avtomobili cərimə meydançasına aparılması etiraz etmiş, polisin qanuni tələblərinə tabesizlik göstərmişdir, cərimə meydançasında isə ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə təqdim edilmiş İmişli rayon Polis Bölməsinin inzibati binasının foto şəkillərindən görünür ki, şöbənin mühafizə üçün olan dəmir barmaqlıqlarla üzlənmiş plastikləri qırılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 642754 nömrəli alkovsior testinin nəticəsinə əsasən həmin gün saat 01:57-də müayinə olunarkən Şəxs alkoqolun miqdarının 1.097 % olması aşkar edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 333.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində protokol tərtib edilmişdir. Saxlandığı zaman Şəxs yol polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, avtomobilinin cərimə meydançasına aparılması etiraz etmiş, polisin qanuni tələblərinə tabesizlik göstərmiş, avtomobilinə minərək hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Sonradan avtomobil cərimə meydançasına gətirilmişdir və orada da Şəxs ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan sonra da Şəxs şərxos vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söyərək şöbənin mühafizə üçün dəmir barmaqlıqlarla üzlənmiş plastikə təpik vuraraq qırmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə icasında dindirilmiş şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq edilmiş yol patrul xidmətinin avtomobilinə quraşdırılmış kameranın və yol patrul xidməti əməkdaşının üzərində olan kameranın video görüntüləri öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ağırlaşdıran hal kimi şərxoş olmasını, inzibati məsuliyyəti yüngülləşdirən halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar